ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

 

Baş Prokurorluq ANAMA-nın əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.