Güneyli yazıçı Əkbər Azad həbs olunub
Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən saxlanılıb və naməlum yerə aparılıb.
Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə gedib. Məhkəmə onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə razılaşmayıb və yazıçı həbs olunub.
Onun harada saxlanılması ilə bağlı məlumat yoxdur. Yaxınları Əkbər Azadın bundan öncə ittiham olunduğu 2 il həbs və 2 il sürgün cəzasının tətbiqi ilə bağlı saxlanıldığını ehtimal edirlər.
Azad müxtəlif xəstəliklərdən, o cümlədən dəri xərçəngindən əziyyət çəkir və davamlı müalicəyə ehtiyacı var. Onun yaxınları həbsxana şərayitində onun sağlamlı durumunun pisləşəcəyindən narahat olduqlarını deyirlər.
Qeyd edək ki, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunmuşdular.
Onların hər biri “Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham olunaraq Tehran məhkəməsinin qərarı ilə 2 il həbs cəzasına məhkum edilmışdi.
Günaz TV