İsrail-Azərbaycan hərbi əməkdaşlığı: Hava limanlarına Azərbaycan təyyarələri enir

Azərbaycan və İsrail 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar aparır, bu barədə İsrailin “İsrael Hayom” qəzeti bildirir.

.

Qəzetə əsasən, İsraillə yeni silah sövdələşməsi bu yaxınlarda imzalana bilər.

.

Məqalədə İsrailin hava limanlarına müxtəlif növ döyüş sursatları üçün gələn Azərbaycan Müdafiə Nazirliyinə məxsus təyyarələrin müşahidə olunduğu deyilir.

.

Bu məlumatı nə Azərbaycan, nə də İsrail şərh edib. Lakin İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əməkdaşlığının mövcud olması sirr deyil.

.

Rəsmilər əməkdaşlığın təfsilatlarına dərindən varmağa meyl göstərmirlər. Lakin irihəcmli əməkdaşlığın konkret təzahürünü 2016-ci ildəki, aprel döyüşləri üzə çıxarıb.

.

O vaxt media təmas xəttində İsrailin Harop “intiharçı dronun” istifadəsinin “ilk məlum halı” barədə yazdı. Bununla yanaşı Azərbaycanın İsraildən ”Dəmir Günbəz” havadan müdafiə kompleksini aldığı məlum oldu.

.

Hərbi ekspertlər bu komplekslərin Ermənistandakı Rusiya istehsalı olan “İsgəndər” raketlərinə qarşı effektiv olduğunu hesab edir.

.

Azərbaycaın İsraillə silah alınmasına dair 2 milyard dollarlıq müqavilə imzalaması İkinci Qarabağ müharibəsindən sonra İsraillə Azərbaycan arasında hərbi əməkdaşlığın davamının təsdiqi sayıla bilər.

.

Dəmir Günbəz sistemi

.
Şəklin alt yazısı,Dəmir Günbəz raket kompleksi İsrail istehsalı olan havadan müdafiə sisteminin tərkib hissəsidir.

2016-cı ildə Prezident lham Əliyev Azərbaycanın İsraildən 4,85 milyard dollar dəyərində silah aldığını bildirib.

.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi məhz İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi də Azərbaycana göndərilib.

.

Bu rəqəm Azərbaycanın İsrailin silah sənayesi üçün əhəmiyyətini göstərir. Eynilə, Azərbaycan İsrailin vacib neft təchizatçısıdır.

.

Lakin ikitərəfli münasibətlər yalnız maddi mənfəətlə məhdudlaşmır. Bunu iyulun sonunda İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyinin açılması təsdiqləyir.

.

İsrailin hələ 1992-ci ildə Bakıda səfirlik açmasına rəğmən, Azərbaycan İsraildə öz diplomatik nümayəndəliyini açmağa tələsməyib. Bu məsələdə həssaslığı izah edən təhlilçilər, Azərbaycanın müsəlman aləmindəki müttəfiqləri və xüsusilə də İranı narazı salmamaq istəyini qeyd edirlər.

.

Lakin 44 günlük müharibədən sonra Azərbaycan bu istiqamətdə irəliyə doğru addım atıb.

.

İsraildə hesab edirlər ki, Ticarət və Turizm Nümayəndəliyinin təsisatı səfirliyin açılması istiqamətində daha bir mərhələ sayıla bilər.

.

“Bu, daha bir tarixi hadisəyə – Azərbaycanın İsraildə yaxın vaxtlarda səfirliyinin açılmasına aparan yolda bir mərhələdir”, – İsrail Xarici İşlər Nazirliyinin rəsmi açıqlmasında deyilir.

 

Belə görünür ki, Azərbaycanın İsraillə hərbi sahədə əməkdaşlığı davam edəcək.

 

Yanvar ayında Azərbaycan Prezident deyib ki, Azərbaycan öz ordusunu “bundan sonra da gücləndirəcək”.

 

“Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”, – Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində İlham Əliyev bildirib.

 

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən müdafiə və təhlükəsizlik üçün 2,533,4 milyon manat xərclənib, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

2021-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ən çox artım (73,9 faiz) müdafiə və milli təhlükəsizlik xərcləri olub.

 

SİPRİ-nin hesabatına görə, nə Ermənistanın, nə də Azərbaycanın əhəmiyyətli silah sənayesi olmadığı üçün hər iki ölkə silah ehtiyatlarını təmin etməkdə xarici təchizatçılardan asılıdır.

 

Hazırda Ermənistanın ən böyük silah təchizatçısı Rusiyadır, amma İkinci Qarabağ Müharibəsində Ermənistan tərəfindən istifadə olunan silahların Azərbaycanın İsrail, Türkiyə və digər xarici ölkələrdən aldığı modern silahların qarşısında aciz qaldığını deyən bəzi təhlilçilər, bu silahların uğursuz olduğunu düşünür.

 

BBC