Vaksinasiya: Azərbaycanda rayonlar arasında yarış başlayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 280 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 337 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 607 591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 287 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 320 161 təşkil edir.

 

“Basta”nın özəl mənbədən əldə etdiyi məlumata görə, Azərbaycanda rayonlar arasında  qeyri-rəsmi yarış başlayıb.

 

“Bütün rayonlara gündə azı min nəfərin vaksinasiyaya cəlb olunması üçün tapşırıq verilib. Preziden Administrasiyası bu yarışda geridə qalan rayonların icra başçılarından gündəlik  izahat tələb edir. Ona görə icra hakimiyyətləri kəndlərdə də vaksinasiya məntəqələri təşkil edir və müxtəlif inzibati üsulları işə salaraq maksimum nəticə əldə etməyə çalışırlar” – deyə, mənbə bildirib.

 

Qeyd edək ki, Azərbaycanın inzibati bölgüsünə görə, ölkədə 66 rayon, 11 respublika tabeli şəhər, 14 şəhər rayonu mövcuddur. Hazırda əhalinin 23 faizindən çoxu peyvəndin hər iki dozasını qəbul edib. Rəsmi qurumlar ilin sonunadək əhalinin azı 60 faizinin peyvənd olunmasını qarşıya məqsəd qoyublar.

 

Basta