Müsavat hakimiyyətdən “Krım platforması” ilə bağlı qərara yenidən baxılmasını tələb edir
Müsavat Partiyası rəsmi Bakının “Krım platformasına” qatılmamasını pisləyir.
Bu haqda partiya başqanı Arif Hacılı özünün feysbuk hesabında paylaşım edib.
Dünən Kiyevdə “Krım Platforması”sammiti keçirilib. Təsis toplantısında 46 dövlətin və beynəlxalq təşkilatın, Avropa İttifaqının, NATO nun nümayəndələri, o cümlədən 14 dövlətin başçısı iştirak edib.
“Ukrayna tarixində ən böyük beynəlxal sammitdə Krımın işğalının ərazi bütövlüyü prinsipinə zidd olduğu, Krımın beynəlxalq birlik tərəfindən Rusiya ərazisi kimi tanınmayacağı, işğal davam edərsə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi vurğulandı. Rusiyanın Ukraynaya qarşı ekspansionist siyasətinə sarsıdıcı zərbə vuruldu” – deyə, Arif Hacılı tədbirin əhəmiyyətini vurğulayıb.
Müsavat başqanı qeyd edib ki, iştirakçı dövlətlərin bu beynəlxalq hüquq normasına birmənalı münasibəti Qarabağ nizamlanması prosesində Azərbaycan üçün həlledici əhəmiyyətə malikdir: “Bununla belə Azərbaycan hakimiyyəti yenə də dövlətimizin maraqlarını nəzərə almadan, Rusiyaya xoş görünmək siyasətini davamı olaraq bu mühüm sammitdə iştirak etmədi. Müsavat Partiyası Türkiyə Cümhuriyyəti və Krımtarar xalqı liderlərinin də iştirak etdiyi “Krım Platforması” sammitini alqışlayır. Azərbaycan hakimiyyətinin bu mühüm beynəlxalq tədbirdə iştirakdan imtina etməsini qətiyyətlə pisləyir. Sammitin ərazi bütövlüyü prinsipini prioritet beynəlxalq hüqüq norması kimi bir daha təsdiq edən mövqeyini dəstəkləyir. Bu mövqenin bundan sonra bütün postsovet məkakanına vahid standart olaraq aid ediləcəyinə dərin inamını ifadə edir. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən “Krım Platforması” ilə bağlı yanlış mövqeyinə yenidən baxmasını qətiyyətlə tələb edir”.
Basta