Paşinyan: “Ermənistan danışıqlara hazırdır və təkliflər gözləyir”

Ermənistanın baş naziri Nikol Paşinyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır. O, bunu avqustun 24 -də parlamentdə çıxışı zamanı bəyan edib.

 

“Təəssüf edirəm ki, siyasi hay-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrindəki qeyri-sabit vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir”, – deyə Sputnik-Ermənistan Paşinyandan sitat gətirib.

 

O, eyni zamanda Sovet xəritələrinə əsaslanaraq Ermənistan və Azərbaycan qoşunlarının güzgüvari geri  çəkilməsinin zəruriliyini vurğulayıb.  Ermənistan tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır.

 

Bölgədə kommunikasiyaların açılması, Ermənistan ətrafında əlverişli mühit yaratmaq üçün ən əhəmiyyətli vasitəyə çevriləcək ölkənin uzunmüddətli blokadasını aradan qaldırmağa imkan verəcək.

 

O hesab edir ki, Azərbaycan tərəfinin “dəhlizlər” haqqında “qeyri-konstruktiv və təxribatçı” bəyanatları bu prosesi əngəlləyir.

 

Paşinyan deyib ki, kommunikasiyaların açılması İrəvana Azərbaycan vasitəsilə Rusiya və İranla nəqliyyat əlaqələri qurmağa imkan verəcək və Bakının Ermənistan vasitəsilə Naxçıvanla əlaqəsi olacaq.

 

“Lakin kommunikasiyaların açılması Ermənistan və Dağlıq Qarabağın maraqları və təhlükəsizliyi hesabına həyata keçirilə bilməz”,-Paşinyan bildirib.

 

Baş nazirin sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.

 

“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli həllinin tanınmış prinsiplər əsasında həyata keçirilməli olduğunu bildirdilər: söhbət atəşkəsdən, millətlərin öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü prinsiplərindən gedir” – deyən Paşinyan əlavə edib ki,  Ermənistan ən yüksək səviyyədə danışıqlara hazırdır və konkret təkliflər gözləyir.

 

 

Basta