Ermənistan parlamentində dava: deputatlar bir-birinə şüşə atdılar
Bu gün Ermənistan parlamentində deputatlar arasında növbəti dava düşüb. Hakim partiyanın üzvü Hayk Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyanı “vətən xaini” adlandırandan sonra deputatlar bir-birinə şüşə atmağa başlayıblar.
Hayk Sarkisyana “şüşə daşıyan” ləqəbi verilib çünki o, inqilab zamanı Nikol Paşinyanı əlində bir şüşə su tutaraq müşayət edib.
Çıxış zamanı Ohanyanla Sarkisyan arasında söz atışması başlayıb.
Digər deputatlar baş verənləri videoya çəkib.
Sarkisyana bir şüşə su atılıb. Bundan sonra müxalifət və iqtidar deputatları bir-birinə butılka atmağa başlayıblar.
Bu zaman spiker Alen Simonyan iclasda fasilə elan edib.
Fasilədən sonra parlamentdə gün ərzində ikinci dava baş verib.
Oxu.az Sputnik Ermənistana istinadən xəbər verir ki, növbəti dava iqtisadi məsələlər komissiyasının rəhbəri, “Hayastan” blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı düşüb.
Çıxışı zamanı hakim partiyadan kimsə ona söz atıb, bu zaman deputat buna cavab verib və tribunanı tərk edərək iqtidaryönlü “Vətəndaş Müqaviləsi” fraksiyasına doğru gedib.
Onlar əvvəl bir-birlərinə söz atıblar, sonra yumruq davası başlayıb.
Hökumətyönlü deputatlardan biri V. Aleksanyan V. Akopyana təpik vurub.
Parlamentin spikeri Alen Simonyan dərhal iclası kəsib və yayımı bağlamağı bildirib. Artıq ikinci dəfə iclas yarımçıq qalıb.
Bundan sonra da dava bitməyib, təhlükəsizlik xidməti müdaxilə edərək tərəflər arasında sakitlik yaratmağa çalışıb.
Jurnalistlərin baş verənləri lentə alınmasının qarşısı bir daha alınıb, onların iclas otağına girmələrinə icazə verilməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanda müxalif və hökumətyönümlü deputatların bir-birinə butulka atmaları xəbəri yayılmışdı.
Basta