Navalnı nikbindir: “Putinə qalib gəlmək mümkündür”

Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Korrupsiyaya qarşı Mübarizə Fondunun (FBK) rəhbəri Aleksey Navalnı “The New York Times” qəzetinə müsahibə verib. O, sanksiyalar, Putin üzərində qələbə, həbsxanadakı yeməklər və digər məsələlərlə bağlı suallara əlyazma ilə 54 səhifəlik məktubla cavab verib.

 

FBK rəhbəri hesab edir ki, beynəlxalq qurumlar sanksiyaları Rusiyaya qarşı yox, Putinin “qanqster dəstəsinə” qarşı tətbiq etməli və məhdudiyyətlər sərt olmalıdır – onların xarici banklardakı hesablarına, yaxtalarına və mülkiyyətinə əl qoyulmalıdır.

 

Navalnı onun İnstaqramda paylaşımlarından sonra həbsxanada işgəncələrə son qoyulduğunu, lakin məhkumların təxribata çəkildiklərini, yeməklərin əsasən sıyıqdan ibarət olduğunu, lakin məhbusların evdən göndərilən sovqat və türmədəki dükandan alınan ərzaqlar hesabına öz qida rasionunu zənginləşdirdiyi yazıb.

 

Navalnı deyib ki, onun həbsxanada öldürülmə ehtimalı 50 faizdir.

 

Müxalifətçi məhbus hesab edirki, seçkilərdə Putin hakimiyyəti üzərində qalib gəlmək imkanı böyükdür: “Görün hamını seçkilərdən necə uzaqlaşdırırlar, çünki qorxurlar. Seçkilərə qatıla bilsəydik, pul və resurs olmasa belə, Vahid Rusiya partiyasını məğlub edərdik. Putinin özünü də məğlub etmək mümkündür. də Putin, heç bir debatda iştirak etməyən bir siyasətçidir, qabaqcadan hazırlanmayan suallardan qorxur”.

 

“Seçkilər getdikcə istehza obyektinə çevrilib. Buna baxmayaraq, hamını iştiraka çağırırıq.  “Ağıllı Səsvermə” layihəsi  hətta böyük şəhərlərdə belə səmərəli ola bilər. Düzdür, yaxşı namizədləri seçə bilməyəcəyik ( onların hamısı seçkidən çıxarılır) – ancaq Kreml tərəfindən planlaşdırılmayan namizədləri seçə bilərik. Bu, seçicilərin seçimi olacaq – Putinin yox” – deyə, Navalnı əlavə edib.

 

Navalnı bu ilin əvvəli müalicə olunduğu Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra həbs edilib.

 

Məhkəmə Navalnının ölümcül zəhərlənməsindən sonra müalicə üçün Berlinə aparıldığı zaman həbsxana rəhbərliyini olduğu yer barədə xəbərdar etmədiyi və 2014-cü ildə şərti cəzanın şərtlərini pozduğu haqda qərar verib.

 

Navalnının cəzası Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz və siyasi motivli adlandırılıb.

 

Basta