Azərbaycanın İran yolunu bağlaması Ermənistan üçün nə deməkdir?

Bu gün üçüncü gündür ki, Ermənistan Azərbaycan hərbçilərinin Qafan-Gorus avtomobil yolunuın Azərbaycanın ərazisindən keçən hissəsini bağladığını deyir.

 

Ermənistan bildirib ki, bu yolun bağlanması ilə həm də İranla əlaqə məhdudlaşıb. Azərbaycan rəsmiləri hələ ki, yolun bağlanması məsələsində sükutunu pozmur.

 

Ermənistanın Armenpress agentliyi yazıb ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri ilə Azərbaycan tərəfi arasında Gorus-Qafan yolunun Şurnux-Karmrakar hissəsinin açılması ilə bağlı danışıqlar aparılır. Belə danışıqların aparılmasını Azərbaycan tərəfindən təsdiq edən məlumat yoxdur.

 

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinə hücumla bağlı təqdim etdiyi məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirir.

 

Bu həftə Azərbaycan Dövlət Sərhəd Xidməti bir əsgərinin döyüş postunda iki erməni hərbçisi tərəfindən hücuma məruz qaldığını bildirib. Ermənistan Baş naziri Nikol Paşinyan belə bir hücumun baş vermədiyini deyib və Azərbaycandan sübut tələb edib. Bu gün isə o bildirib ki, Ermənistan iddia olunan hadisə ilə bağlı Azərbaycanla birgə araşdırma aparmağa hazırdır.

 

Bəzi təhlilçilərə görə, Azərbaycanın yolu bağlamasının digər bir səbəbi də Ermənistanın Naxçıvana avtomobil yolunun çəkilməsinə icazə verməməsinə qarşı Azərbaycanın göstərdiyi təzyiqdir.

 

İrana gedən yol

 

 

Ermənistan tərəfindən yayılan video və fotolarda İrandan hərəkət edən yüzlərlə yük avtomobilinin yollarda qaldığı və mənzil başına çata bilmədiyi görünür.

 

Ötən gün Ermənistanla İran arasında hərəkət edən yüzlərlə yük maşını hərəkətsiz qalıb və Tehran-Yerevan-Tehran sərnişin avtobus reysləri ləğv edilib.

 

Ermənistanın yerli mətbuatı bu barədə İrana yük və sərnişin daşımaları təşkil edən şirkət nümayəndələrinə istinadən məlumat veriblər.

 

“Təcili Yerevana gəlmək istəyən avtobusa bilet alan İran vətəndaşları təyyarə bileti almağa məcbur olublar, lakin bu vəziyyətdə olanların çoxluğundan, onlar iki gündən sonra gələ biləcəklər”, – Armenian Airways şirkətinin baş direktoru Arlen Davudyan-Zarnayi Sputnik Armenia nəşrinə söyləyib.

 

Hazırda İranla Ermənistan arasında yükdaşımalar dolayı yolla icra edilir. Bu barədə bugünkü hökumət iclasından sonra brifinq zamanı Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

“Ermənistanın İranla sərhədi Meğridən başlanır və İran yük maşınları Ermənistan ərazisinə daxil ola bilirlər, problem onların Yerevana çatması ilə bağlı olub”, – o deyib.

 

Nazirin sözlərinə görə, məsələ dolayı yoldan istifadə etməklə həll olunur, lakin ağır yük daşıyan avtomobillər üçün alernativ yol yararsızdır.

 

Ermənistan hökuməti problemin həlli ilə məşğuldur, Kerobyan deyib.

 

Alternativ kimi Ağvani kəndindən keçən Tatev-Qafan yolu istifadə edilə bilər, lakin bu yol da yaxşı vəziyyətdə deyil, o əlavə edib.

 

Bu, bir neçə il əvvəl icrasına başlanılmış “Şimal-Cənub” nəqliyyat layihəsi ilə nəzərdə tutulan yolun bir hissəsidir.

 

Sünik vilayətinin Vorotan kəndinin icra nümayəndəsi yerli informasiya vasitələrinə deyib ki, Rusiya hərbçilərinin vasitəsilə hər səhər yolun bağlı olan hissəsindəki kəndləri ərzaqla təmin edilir.

 

“Azərbaycan Ermənistana, İrana, Rusiyaya xəbərdarlıq edib”

 

 

 

İki həftə əvvəl Azərbaycan İrana məxsus avtomobillərin Qarabağ bölgəsinə “qanunsuz” səfərləri ilə bağlı Tehrana öz narazılığını bildirib, XİN-ə dəvət olunan İran səfirinə nota təqdim olunub.

 

“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub”, – XİN yaydığı məlumatda bildirib.

 

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov hesab edir ki, Azərbaycan həm Ermənistana, həm Rusiyaya, həm də İrana öz narazılıqlarını çatdırıb.

O deyib ki, Azərbaycanı narahat edən bu yoldan Azərbaycanın icazəsi olmadan İranın yük avtomobillərinin müxtəlif təyinatlı yüklər daşıması və onlara Ermənistanın və Rusiya sərhədçilərinin şərait yaratması idi.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi də həmin yolla Dağlıq Qarabağa Laçın dəhlizindən keçiərək hərbçilərini aparıb.

 

Rəsmi Bakı 2-ci Qarabağ müharibəsinin başa çatmasından sonra avqustun ortalarında ilk dəfə, Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirib.

 

Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlamasında bəyan edib ki, Rusiya Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşdirilməsi “hallarına son qoymalıdır”.

 

Qafan-Gorus yolunun bağlanması Azərbaycanın İrana və Rusiyaya narazılığını ifadə etməsindən sonra baş verir.

 

“Narahatlıq çatdırılmışdı hər üçünə, amma əməl olunmurdu. Bununla Azərbaycan nümayiş etdirdi ki, bundan sonra daha buradan keçməyəcəklər. Azərbaycanın konkret tələbləri bunlardır ki, son hadisə, sərhədçiyə hücum araşdırılmalıdır və Azərbaycanın digər tələblərinə əməl edilməlidir”, – Rasim Musabəyov deyib.

 

Millət vəkili hesab deyir ki, Azərbaycanın başqa etirazı da Ermənistan üçtərəfli bəyanatın şərtlərini pozaraq Naxçıvana avtomobil yolunun tikintisinə razılaşmamasıdır.

 

“Mehridən keçməklə dəmiryolunun tikintisinə Ermənistan razılaşır, amma avtomobil yoluna yox. Ermənistan özü Laçın dəhlizindən istifadə edib Dağlıq Qarabağla əlaqə yaradır, amma Naxçıvanla avtomobil yolu əlaqəsinin qurulmasına müqavimət göstərir. Azərbaycan bunu qəbul etmir”, – Rasim Musabəyov bildirib.

 

Rasim Musabəyova görə, hazırda dünya birliyinin başı Əfqanıstan məsələsinə qarışdığından Ermənistanın “çağırışlarına Rusiyadan başqa fikir verən yoxdur”.

 

Ermənistanın “tam blokadası”

 

Erməni təhlilçi Varujan Geqamyan JamNews nəşrinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistanı blokadaya almaq istəyir və onun beynəlxalq əhəmiyyətli yollarına nəzarət etmək niyyətindədir.

 

“Hazırda bizi xarici dünya ilə birləşdirən ancaq iki yolumuz var, hansılar ki, hələlik nominal olaraq Türkiyənin nəzarətində deyil. Biri Tavuşdan Gürcüstana, digəri Sünikdən İrana. Sonuncu ötən gecədən tamamilə Azərbaycanın nəzarəti altındadır. Tavuşun anklavları təhvil veriləndən sonra bizim Gürcüstana yolumuz da onların nəzarəti altında olacaq. Nəticədə bizdə yolların açılması yox, tam blokada olacaq”, – Varujan Geqamyan deyib.

 

Onun sözlərinə görə, Azərbaycana Naxçıvana gedən dəhliz və anklav ərazilər verilərsə və əvəzində Azərbaycan öz ərazisindən Ermənistan maşınlarının keçib İrana, Rusiyaya getməsinə icazə versə belə, bunu istənilən vaxt dayandıra bilər.

 

“Azərbaycan Ermənistandan yeni güzəştlər qoparmaq üçün istənilən vaxt yolu bağlayır […], istənilən vaxt, bu gecə olduğu kimi. “Ermənistanın blokadadan çıxması” Azərbaycanda “Ermənistanın tam blokadası” deməkdir, buna görə Ermənistan müstəqil inkişaf etmək imkanlarını itirəcək”, – türkoloq JamNews nəşrinə bildirib.

 

Sərhədçiyə hücum

 

 

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Gorus-Qafan yolunun bağlanması məsələsi birbaşa Azərbaycan sərhədçisinə hücumla bağlıdır və burada başqa dövlətlərə mesaj vermək elementləri yoxdur.

 

O fikrini belə əsaslandırb ki, nə Rusiya, nə də İran rəsmiləri və kütləvi informasiya vasitələri bu hadisələrə yer ayırmayıblar və buna əsasən demək olar ki, hər iki dövlət də bu işdə öz neytrallığını qoruyur, onların maraqlarına zidd heç nə yoxdur.

 

Mehman Əliyev hesab edir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti sərhədçisinə hücum edənlərin təhvil verilməsini tələb edib, amma Ermənistan tərəfi buna razılaşmadığından hərbçilər yolu bağlayıb.

 

“Mən Ermənistan mediasını izləyirəm və orda deyirlər ki, Azərbaycan Rusiya sərhədçiləri ilə danışıqlar aparır. Hər iki ölkənin hüquq mühafizə orqanları əraziyə gəlib, araşdırma başlaması gözlənilir. Bununla da Azərbaycan tərəfinin insidentlə bağlı verdiyi məlumat öz təsdiqini tapmış olur”, – Mehman Əliyev deyib.

 

Danışıqlar

 

 

“Yolun yenidən açılması işləri davam edir”, – Armenpress agentliyi yazıb.

 

Yol bağlanmamışdan əvvəl Azərbaycan Dövlət Sərhəd Xidməti elan edib ki, iki Ermənistan hərbçisi sərhədçi Ruslan Şirəliyevi süngü ilə yaralayaraq qaçıb.

 

Dövlət Sərhəd Xidməti məlumatında bildirib ki, “baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir”.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan da olmaqla bir neçə dövlət orqanları belə halın baş vermədiyini deyiblər, Azərbaycan tərəfinin məlumatını təkzib ediblər.

 

Sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Azərbaycan sərhədçisinin yaralanmasına dair bəyanatı ilə bağlı birgə araşdırma aparmağa hazır olduğunu bildirib.

“Bizim ilkin araşdırmamız göstərir ki, erməni tərəfinin ehtimal olunan insidentə heç bir aidiyyəti olmadığını göstərir. Mən parlament tribunasndan da bəyan etmişəm ki, Azərbaycan tərəfinin hadisə ilə bağlı konkret dəlillər varsa, bizə təqdim etsinlər. Biz Rusiya və Azərbaycan nümayəndələri ilə birgə araşdırma aparmağa hazırıq”, – Paşinyan hökumət iclasında deyib.

 

BBC