Orduya dəstək nümayişi ilə əlaqədar ən azı 25 nəfər həbs olunub
İyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 25 nəfər həbs edilib. Bu barədə “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının məlumatında deyilir.
Həbs olunanlardan 9 nəfəri Xalq Cəbhəsi Partiyasının üzvüdür. 1 -Demokratiya və Rifah Hərəkatı, 2 – Müsəlman Birliyi Hərəkatı, 1 nəfər Naxçıvan Muxtar Respublikası keçmiş DİN rəhbəridir. Qalanları bitərəfdir.
Onlar CM-in 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı 3 ay müddətinə həbs edilib.
Aksiyanın daha üç iştirakçısı formal olaraq CM-in 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.
Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.
Bundan əlavə, AXCP-nin 7 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi saxlandıqdan sonra buraxılıb. Daha üç nəfərin statusu aydın deyil.
Təşkilatda həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmirlər. Eyni zamanda saxlanma kobud qanun pozuntuları ilə həyata keçirilib.
“Onları insan ləyaqətini alçaldan şəraitdə saxlayıblar, işgəncə veriblər, psixoloji təzyiq göstəriblər. Onların ailə üzvlərinə də təzyiq göstərilib. Həbs olunanları günlərlə yaxınları ilə əlaqə saxlamaq imkanlarından məhrum ediblər, onların yanına vəkilləri buraxmayıblar”, – sənəddə bildirilir.
DİN Baş Prokurorluğun mətbuat xidmətlərindən şərh almaq mümkün olmayıb.
“Müdafiə xətti” bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.