Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirildi və həbs edildi – yenilənib
Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə Azadinfo.az xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında Azadinfo.az xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.
10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.
***
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.