Rusiyada parlament seçkiləri: Nə gözlənilir?
Kamran Cəfərov
İlk baxışdan Rusiyada hakim rejimin hakimiyyətdə qalması şübhə yaratmır, amma bunu təkzib edən bir çox ciddi amillər var. Rusiyanın siyasi elitası tarixdən dərs çıxartmaq istəmir və imperiya vaxtlarından ”xalq çarlarını sevir və sevəcək” tezisini rəhbər tutur.
Keçən il Vladimir Putin prezidentlik müddətlərini ”sıfırlamaq” üçün referendum keçirdib. Buna etiraz edənlər sərt cəzalandırılıb (təkcə qış etirazlarında 18 min nəfər həbs olunub). Ümumiyyətlə son il ərzində Rusiyada avtorirar idarəçilik üslubu gündən-günə və çox böyük sürətlə sərtləşdirilir. Bu isə xalqın mövcud hakimiyyətə etibar etmədiyini göstərir.
Rusiyada seçkilər 3 gün ərzində keçiriləcək (MSK-nın qərarı ilə). ”3 günlük seçki” formatı seçki komissiyalarının və müxtəlif səviyyəli idarə orqanlarının seçki bülletenlərini əvəz etməsinə və total saxtakarlığa imkan yaradır. ”Vahid Rusiya” partiyasının reytinqi maksimal aşağı səviyyədədir və məhz buna görə də, son aylar ərzində mövcud hakimiyyət siyasi rəqiblərinə qarşı böyük repressiya mexanizmini işə salıb, faktiki olaraq müxalif fikirli insanlar, siyasətçilər seçkilərə sadəcə buraxılmayıb. Seçkilərdə ”Vahid Rusiya” partiyasının rəqibləri cib müxalifəti sayılan kommunistlər (Zyuqanov), liberal-demokratlar (Jirinovski) və ”Ədalətli Rusiya” partiyası olacaq. Baxmayaraq ki, hakimiyyət var-gücü ilə administrativ resursu təbliğata cəlb edib, baxmayaraq ki, ciddi reytinqi olan heç bir müxalif siyasətçi seçkilərə buraxılmayıb, seçkilərdə heç olmasa bir az real səs toplamaq üçün, insanlara 100-150 dollar verərək karusellərdə iştirak etməyə təklif olunur.
Xarici siyasətdə də Rusiya problemlərlə üzləşib. Seçkilər saxtalaşdırılsa (heç kimin buna şübhəsi yoxdur) böyük ehtimalla Rusiyanın AŞPA və başqa təşkilarda üzvlüyü dayandırılacaq. Bundan əlavə Rusiyanın SWIFT sistemindən ayrılmağı Avropa Parlamentinin gündəmindədir, bu haqda bir neçə ay qabaq qətnamə qəbul olunub.
Seçkilər ərəfəsində Vladimir Putin karantinə gedir. Görünən odur ki, siyasi elita öz daxili çəkişmələrilə məşğul olaraq, ölkədəki vəziyyətdən heç bir narahatlıq hissini keçirtmir. Eynən çar və ətrafı 1917-ci ildə fevral inqilabının ərəfəsindəki kimi, eynən Qorbaçov və ətrafı SSRİ-nin dağılmasının ərəfəsindəki kimi…