İran Xarici İşlər Nazirliyinə Müsavatdan cavab
İran Xarici İşlər Nazirliyinin Xəzər dənizində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinə etirazının heç bir hüquqi əsası yoxdur.
Bu haqda sentyabın 15-də Müsavat Partiyası bəyanat yayıb.
“İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadənin açıqlaması indiki vəziyyətə adekvat deyil. Xəzər dənizində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi yerli və beynəlxalq hüquqa uyğun olmaqla yanaşı, Xəzərin hüquqi statusuna dair anlaşma ilə də heç bir ziddiyyət təşkil etmir” – deyə, Müsavatın bəyanatında vurğulanır.
Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri heç bir qonşu ölkənin maraqlarına qarşı deyil: “Bütün sahələrdə olduğu kimi, dəniz sularının qorunması istiqamətində də Türkiyə təcrübəsinin öyrənilməsi təbiidir”.
Müsavat Partiyası Azərbaycan dəniz donamasının və dəniz sərhədçilərinin peşəkarlığının artırılmasına hesablanmış təlimlərə qarşı verilən açıqlamanı bərabərhüquqlu qonşuluq siyasətinə, Xəzər dənizinin hüquqi statusunun mahiyyətinə zidd olduğunu bildirməklə yanaşı, bu kimi təlimlərin Xəzərdə hansısa xarici ordu birləşmələri yerləşdirlməsi kimi yozulmasını da doğru hesab etmir.
“Digər ordu birləşmələrində olduğu kimi, dəniz donanması və su sərhədlərinin mühafizəsi sahəsində peşəkarlığın artırılması üçün Azərbaycanın ən güclü NATO ölkələrindən biri olan qardaş Türkiyə ilə əməkdaşlıq etməsi və birgə təlimlər keçirməsi Azərbaycanın suveren hüququdur” – deyə, Müsavat Partiyasının bəyanatında vurğulanır.
Basta