Müsavat Divanının gündəliyi: Bahalaşma, İranın təhdidləri, sülhməramlıların özbaşınalığı

Sentyabrın 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə bağlı məlumat dinlənilib.

 

Daha sonra ölkədə və regionda baş verən proseslər müzakirə olunub.

 

Qeyd edilib ki, ilin əvvəlindən başlayaraq Tarif Şurasının qərarı ilə su, qaz və yanaçağın qiymətinin artırılması haqqında verilən qərarlar Azərbaycanda ərzaq məhsullarının və gündəlik tələbat mallarının 30-40 faiz bahalaşmasına səbəb olub. Nəticədə əhalinin aztəminatlı hissəsinin sosial durumu daha da ağırlaşıb.

 

Müsavat Partiyası ölkədə bahalaşmanın dayandırılması və əhalinin sosial durumunun yaxşılaşdırılması  istiqamətində təsirli tədbirlərin görülməsini, o cümlədən pensiya və maaşların artırılmasını tələb edir.

 

İrandan Xankəndinə qanunsuz yük daşınması ilə əlaqədar yaranan gərginlik müzakirə edilib. İranın Azərbaycanla sərhəd yaxınlığında hərbi təlimlər keçirməsi, Astara və Füzuli istiqamətində Pilotsuz Uçan Aparatlardan istifadə olunması ölkəmizə qarşı təhdid kimi qiymətləndirilib.

 

Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr tərəfindən işğaldan azad olunmuş ərazilərdə yeni yüksəkliklərin ələ keçirilməsi barədə məlumatlardan narahatlıq ifadə edilib. Azərbaycan hakimiyyətindən bu məsələyə aydınlıq gətirməsi, Rusiyanın sülhməramlı kontingentinin özbaşınalıqlarına son qoyulması tələb olunub.

 

Siyasi motivlərlə məcburi müalicəyə göndərilən Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun işi ilə bağlı məlumat verilib. Müsavat Partiyası Məclisinin sentyabrın 27-nə təyin olunan sessiyasının gündəliyinə dair təkliflər irəli sürülüb.

 

Sonda cari məsələlər müzakirə edilib.

 

Basta