Şeyx tənqidlərdən sonra sükutu pozdu
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı – Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olub:
“Bu məsələ ilə bağlı dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bildiririk ki, Ağayi Amulinin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir
Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını – Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib.
İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı.
Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”.
Qeyd edək ki, bu açıqlamadan əvvəl hakimiyyətyönlü mediada İranın ayrı-ayrı dini xadimlər vasitəsilə Azərbaycanı açıq təhdid etməsi fonunda Şeyxin susması sərt tənqid edilmişdi.