Niyaməddin Əhmədovun azad olunması tələbilə aksiya keçirilib
Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı və hüquq müdafiəçiləri Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar həbsdə olan partiya üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.
Aksiya iştirakçıları Niyaməddin Əhmədovun və digər həbs edilmiş fəal Zamin Salayevin şəkillərini qaldırıblar və “Siyasi məhbuslara azadlıq!”, “İstefa” şuarları səsləndiriblər.
Onlar Niyaməddin Əhmədovun 13 gündür bu penitensiar müəssisədə aclıq etməsi ilə əlaqədar toplaşdıqlarını qeyd ediblər.
Polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar 5 nəfərdən artıq toplaşmağa icazə verilmədiyi üçün etirazçılardan ərazini tərk etməyi tələb ediblər.
Bundan sonra bir neçə aksiya iştirakçısı polis maşınlarına mindirilib və naməlum istiqamətə aparılıb. Onlar arasında jurnalistlər Zərifə Novruzova, Fatimə Mövlamlı və Aysel Ümüdova, həmçinin hüquq müdafiəçiləri Zəfər Əhmədov və Rüfət Səfərov da var.
DİN-in mətbuat xidmətinin ictimaiyyətlə və KİV-lə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev Turan-a bildirib ki, saxlanılan yoxdur, aksiyada iştirak edənlərin ərazidən uzaqlaşdırılması təmin edilib.
Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, saxlanılanlar Xəzər rayonun 3-cü polis bölməsinə aparılıb.
***
Niyaməddin Əhmədov Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq elan edib. O, aclığa hələ sentyabrın 22-də, məhkəmə prosesində prokuror onun 15 il müddətinə həbs edilməsini istədiyi zaman başlayıb. Yaxınlarının sözlrəinə görə, onun vəziyyəti ağırdır və telefonla danışmaq üçün onu əlil arabası ilə gətirirlər.
Xatırladaq ki, Niyaməddin Əhmədov Əli Kərimlinin mühafizəçisidir. O, 2020-ci il aprelin 15-də saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib. Sonradan o, yeni maddə ilə – terrorçuluğu maliyyələşdirməkdə ittiham olunub və məhkəməyə verilib.
***
“Həbsxanada məhbusların ən çox ehtiyatlandığı cəza növlərindən biri də “tubzon”a göndərilməkdir. Həbsxana rəhbərliyi narahat
dustaqları “tubzon”a göndərməklə hədələyir. Bütün həbsxanalarda “tubzon”da baş verən işgəncələr, qətllər barədə rəvayətlər dolaşır. Siyasi məhbus Niyaməddin Əhmədov covid testi neqativ çıxsa da niyə “tubzon”a göndərilib?”
Bunu Müsavat Parrtiyasının başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.
“Necə olub ki, bir-neçə gündən sonra keçirilən yeni testin nəticəsi müsbət çıxıb? Niyaməddin Əhmədova qarşı hətta haqqında irəli sürülən qondarma ittihama adekvat olmayan ağır cəza, 15 il müddətinə həbs cəzası istənilməsi, sağlam olduğu halda “tubzon”a göndərilməsi, uzun müddətli aclıq aksiyasına məhəl qoyulmaması hakimiyyətin onu məhv etmək planından xəbər verir.
Niyaməddin Əhmədov barədə cinayət təqibinə dərhal son qoyulmalı, ona qarşı qeyri-qanuni hərəkətlərə yol verənlər məsuliyyətə cəlb edilməlidir” – deyən Arif Hacılı, Niyaməddin Əhmədovun azad olunmasını tələb edib.
Basta