İran Azərbaycanın hərbi təyyarələrinə “qadağa qoyub”
Azərbaycanla İran arasında münasibətlər gərginləşməkdə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Cəbrayıl rayonunda verdiyi “bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq” açıqlamasının ardınca İranın Azərbaycanın hərbi təyyarələrinun uçuşuna “qadağa qoyduğu” xəbərləri yayılıb. Bildirilir ki, bu təyyarələr Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirirdi.
APA “hərbi dairələrə” istinadən xəbər verir ki, bu qərar Bakıya hərbi kanallar vasitəsilə çatdırılıb.
Azərbaycan Müdafiə Nazirliyi hələ ki, bu məlumata münasibət bildirməyib.
İranın qərarı Naxçıvanda yerləşən bölmələrin tədarükünə böyük təsir göstərməyəcək, çünki Azərbaycan, əsasən, başqa yollardan istifadə edir, yerli media hərbi ekspertlərə istinadən yazıb.
“Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətlər isə kifayət qədərdir. Bu mənada, Naxçıvandakı qüvvələrin hərbi tədarükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək”, – Report-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.
Bu arada Azərbaycan Müdafiə Nazirliyi Naxçıcanda Türkiyə ilə birgə keçirilən “Sarsılmaz qardaşlıq-2021” döyüş atışlı taktiki təlimin davam etdiyi xəbərini yayıb.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotaj manevrlərlə təlim-məşq uçuşları keçirilir.
İranın Ali Dini Rəhbərinin Bakıdakı ofisi koronavirusa görə bağlanıb
Bu ərəfədə İranın Ali Dini Rəhbərinin nümayəndəsinin Bakıda fəaliyyət göstərən ofisinin fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, təkcə adıçəkilən yerlər deyil, eyni zamanda koronavirusun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb.
“Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”, – Ehsan Zahidov qeyd edib.
İranın dini nümayəndəliyin fəaliyyətinin dayandırılmasına münasibəti hələ bəlli deyil.
Oktyabrın 1-də İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.
İranın siyasi dairələri hərbi təlimləri regionun stabilliyi və sülhün təhlükəsizliyi kimi izah etsələr də, ölkənin hərbi təmsilçiləri bunu bölgədə “döyüş hazırlığının artırılması” zərurəti ilə izah edib.
İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə “sionist qüvvə yerləşdirməkdə” ittiham edir, ötən ilki 44 günlük müharibə zamanı işğaldan azad edilmiş Cəbrayıla səfər edən İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, “heç bir bina da yoxdur”.
İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.