Abbas Lisani klinikaya aparılıb
Ərdəbil zindanının 7-ci bölməsində 15 illik həbs cəzası çəkməkdə olan siyasi məhbus Abbas Lisani oktyabrın 21-də MRİ testləri üçün klinik terapiya mərkəzinə aparılıb.
Verilən məlumatlara görə, Abbas Lisanini klinikaya aparılarkən polis və təhlükəsizlik məmurlarından ibarət 3 avtomobil onu müşayiət edib.
Abbas Lisani bundan öncədə şiddətli bel və diz ağrılarından əziyyət çəkdiyi və həbsxana həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicələrin işə yaramadığına görə, silahlı məmurların müşayiəti ilə Ərdəbilin Fatimi xəstəxanasına aparılmış, orada analizlər verdikdən sonra zindana geri qaytarılmışdır.
Pandemiyanın başından bəri İran həbsxanalarında dəfələrlə Koronavirusa yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri lazımı girov məbləği təmin edildiyi halda bəzi siyasi məhbusları, o cümlədən Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.
2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi. Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilmişdi. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşdi.
Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda həbs cəzalarını azaltma qanun maddəsindən faydalanmasını rədd etmişdi.
Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladaraq, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.
Günaz. TV