Şuşada sənin nə işin var?
Mustafa Hacıbəyli
İlham Əliyev yəqin ki, Şuşanı şəxsən öz şəhəri sayır, ona görə Azərbaycanın dövlət qurumlarının Şuşada filial açmaq təklifləri onu qıcıqlandırır.
FHN-in Şuşada filial açmasından təbii nə ola bilər ki? İlham Əliyev heç Rusiya “MÇS”-inin Xankəndində filial açmasına etiraz etməyib, amma Azərbaycan FHN-in burada mərkəz açmaq istəyini bir biabırçılıq kimi qələmə verib.
AzTV-yə bu gün verdiyi müsahibəsində o deyib ki, məmurlar Şuşaya göz dikib, şəhərə hücum və onu zəbt etmək istəyirlər, biri filial, biri zastava, biri fövqəladə hallar açmaq istəyir.
“Hamısı da dövlət hesabına” (bu sözü iki dəfə təkrarlayıb). Yəni belə çıxır ki, bu “zəbtetməni” öz hesabına etsələr, məqbul sayılacaqmış.
Bu iqtidarın məmurları bu qədər acgöz və qəsbkardırsa, (əslində buna kimsənin şübhəsi yoxdur), biz bunu yazanda niyə represiya aparatını üstümüzə salırdı?! Və niyə belə adamları vəzifədə saxlayır?
İlham Əliyev televiziya efirindən DSX sədri Elçin Quliyevə xitabən deyir ki, “Ondan soruşdum, sənin Şuşada nə işin var?”
Elçin Quliyevi qəti müdafiə etmək fikrim yoxdur, amma maraqlıdır, Şuşadakı (Xankəndindəki yox ha) rus hərbçilərinə də bu sualı verə bilirmi?
DSX rəisi Şuşada zastava açmaq təklifini bəlkə də sadəcə öz sədaqətini nümayiş etdirmək üçün verib. Həmin təklifə sadəcə “sağol, ehtiyac yoxdur” cavabı da verilə, üstündən keçilə bilərdi. Oysa bunu televiziya efirində növbəti populist çıxışının mövzusuna çevirdi.
Şuşada kimin işi var? Tək Əliyev ailəsininmi? Azərbaycanın dövlət nazirinin, dövlət səviyyəsində xidmət rəisinin işi yoxdur, ancaq hakim ailə üzvlərininmi işi var? Bəs başqa vaxt dövlətçilikdən dəm vurursuz?!
P.S. Şuşa azad olunanda düşünürdüm ki, yaxın günlərdə ora gedib, əsgər yoldaşlarımın şəhid olduğu yeri ziyarət edəcəm. Hətta şəhidlərdən birinin oğlu zəng vurub xahiş etmişdi ki, Şuşaya gedərkən onu da aparım. Amma üstündən aylar keçsə də, ora nəinki məni, nəinki şuşalıları, heç nazirləri də buraxmırlar.