İranlı nazir: Tehran ilə Bakı arasında “açıq gərginlik mərhələsi başa çatdı”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Tehranla Bakı arasında “gərginliyin ictimaiyyətə açıq olan mərhələsi başa çatıb”.

TASS xəbər verir ki, o bu sözləri Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

İran XİN rəhbəri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olmasına diqqət çəkib.

“Düşünürəm ki, biz açıq gərginlik mərhələsini başa çatdırdıq”, – İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, onun qənaətinə görə, “ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.”

Diplomat əlavə edib ki,”İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişafına yönəlib”.

 

Azərbaycanda onun bu şərhinə reaksiya yoxdur.

İki ölkə arasında münasibətlər bu ilin sentyabrında, Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisinə keçən hissəsinə nəzarəti öz əlinə aldıqdan sonra gərginləşib. İki iranlı sürücü “Qarabağa qanunsuz girdiyi” üçün saxlanlıb, İran mənşəli yük maşınları gömrük rüsumuna cəlb olunub.

Bu hadisədən sonra ölkə rəsmilərinin bir-birinə ittihamları açıq müstəviyə çıxdı. İranın Azərbaycanla sərhəddə təlimlərə başlayaraq bölgədə “sionist rejimi” təhlükəsi olduğunu bəyan etmiş, Azərbaycan isə bu ittihamları rədd etmiş və İrandan sübutlar tələb etmişdi.

BBC