Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edildi – Yenilənib

Moskva Şəhər Məhkəməsi Aleksey Navalnını 2 il 8 müddətinə  azadlıqdan məhrum edib.

***

 

2 fevralda işinə başlayan məhkəmə ətrafında çox sayda təhlükəsizlik qüvvələri yerləşdirilib. Hadisə yerində olan BBC müxbirinə əsasən, binanın yaxınlığındakı küçələr də, polis nəzarəti altındadır və bəzi kafelər bağlanmağa məcbur edilib.

 

Navalnını dəstəkləyənlər və media nümayəndələri arasında saxlanılanların olduğu xəbər verilir.

 

Rusiyada cəzaların icrası üzrə federal nəzarət qurumuna (FSİN) əsasən, mütəmadi qeydiyyatdan keçmək barədə şərti cəzanın tələblərini pozan Aleksey Navalnıya bu barədə dəfələrlə xəbərdarlıq edilib.

 

Aleksey Navalnı məhkəməyə müraciətində Almaniyada müalicə olunduğu müddət ərzində Rusiyaya gələ bilmədiyini izah edib: “Sizdə mənim ünvanım, əlaqə məlumatlarım var idi. Sizə harada olduğumu söyləmək üçün daha nə edə bilərdim?”.

 

Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Moskvaya qayıtdıqdan sonra dərhal həbs olunub.

 

Yanvarın 23-də və 31-də Aleksey Navalnının tərəfdarları Rusiyanın bir çox şəhər və bölgələrində onun hüquqlarının müdafəsi məqsədilə icazəsiz kütləvi etiraz aksiyaları keçiriblər.

 

Həmin etiraz aksiyaları şərhçilər tərəfindən Rusiyada “son illərin ən izdihamlı kütləvi aksiyaları” kimi dəyərləndirlib.

 

Rusiyanın OVD-Info nəşrinin bildirdiyinə görə, 31 yanvar etirazları zamanı Rusiya boyu ümumilikdə 5,3 mindən çox insan polis tərəfindən saxlanılıb, paytaxt Mosvadada keçirilən aksiyalarda 1,8 min nəfər tutulub.

 

Ötən gün saxlanılanlar arasında Aleksey Navalnın həyat yoldaşı Yulia Navalnaya da olub. Dünən o, polis bölməsində bir neçə saat saxlandıqdan sonra evə buraxılsa da, bu gün Yuliya Navalnayaya Moskva məhkəməsi icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə 20 min rubl məbləğində cərimə kəsib.

 

Şənbə günü həbs olunmuş Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da bu gün həbsxanadan evə buraxılıb – məhkəmə onu doqquz gün müddətinə ev dustaqlığına göndərib.

 

Navalnının Korrupsiya əleyhinə Mübarizə Fondunun (FBK) digər əməkdaşları da – hüquqşünas Lyubov Sobol, Moskva qərargahının rəhbəri Oleq Stepanov – eləcə də Pussy Riot qrupunun üzvü Mariya Alyoxina, Həkimlər İttifaqının rəhbəri Anastasiya Vasilyeva və Navalnının qardaşı Oleq Navalnı da həbsdən ev dustaqlığına buraxılıblar.