Cəbhədən son xəbər – artilleriya və zirehli texnika işə düşdü – Yenilənir
18:00
Ermənistan Müdafiə Nazirliyi 12 hərbçisinin əsir düşdüyü barədə məlumat yayıb.
17:15
Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
***
17:00
Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin itki verərək iki mövqeni tərk etdikləri barədə məlumat yayıb.
16:31
Qarşı tərəf təşviş içində mövqelərini tərk edir
Bildirilir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Qarşı tərəfin dövlət sərhədi boyunca bütün döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.
Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.
Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir. Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
***
16:30: Ermənistan mətbuatı Syunik və Sisiyan şəhərlərinin ətrafında atışma səsləri eşidildiyi barədə məlumat yayır.
***
“Hraparak” qəzetinin yaydığı təsdiqlənməmiş məlumata görə Ermənistanın ordusu 30 hərbçisini itirib, 6 nəfər yaralanıb.
***
Ermənistan hərbi kömək üçün Rusiyaya müraciət edib. Bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat yayıb.
***
Ermənistan mətbuatı 4 erməni hərbçisinin yaralandığı haqda məlumat yayıb.
***
“Hraparak” qəzetinin xəbərinə görə, 6 erməni hərbçisi Azərbaycan ordusuna əsir düşüb.
“Məlumatı Müdafiə Nazirliyindəki mənbələrimiz təsdiqləsə də, rəsmi təsdiq ala bilmədik”, – qəzet yazır.
***
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Bu barədə Müdafiə Nazirliyindən saat 14:58-də verilən məlumatda bildirilib.
“Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq”.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi saat 14:09-da məlumat yayıb.
Bildirilir ki, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
Eyni dəqiqələrdə Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Silahlı Qüvvələrinin artilleriya və zirehli texnikadan istifadə etdiyi barədə məlumat yayıb.