Müsavat Partiyası Azərbaycan-Ermənistan sərhədində durumla bağlı açıqlama yaydı
Son bir həftə ərzində Azərbaycan-Ermənistan sərhəddində müşahidə olunan gərginlik, xüsusilə noyabrın 16-da baş vermiş təxribatdan sonra başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusunun şəhid olması, 10 nəfərin isə yaralanması münaqişənin hələ bitmədiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hərbi və siyasi-diplomatik sahədə hələ çox işlərin görülməli olduğunu sübut edir.
Bu fikir Müsavat Partiyasının bu gün yaydığı açıqlamada qeyd olub.
Müsavat Partiyası bundan əvvəlki mövqeyini təkrarlayaraq bəyan edir ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də kommunikasiyaların açılması barədə saziş layihəsi ətrafında danışıqlar bilavasitə Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Vasitəçilərin iştirakı qaçılmaz olacaqsa, bu prosesdə Türkiyənin də iştirakı şərt olaraq irəli sürülməlidir. Müsavat Partiyası imzalanacaq sazişin beynəlxalq hüquqa əsaslanmasını, danışıqlar prosesinin şəffaflığının təmin olunmasını tələb edir.
Müsavat Partiyası şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyir.
Basta