Soçi görüşündə hansı sənədlər imzalana bilər?
Noyabrın 24-də dövlət başçısı İlham Əliyev RF baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Rəsmi məlumatda görüşün mövzusu açıqlanmır.
Amma söhbətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüşünə həsr olunduğu şübhə doğurmur. Tərəflər bu görüşə qədər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası və münaqişənin sülh yolu ilə həlli prinsiplərinə dair təkliflər hazırlamalıdırlar.
Üçtərəfli komissiyada Overçuk Rusiya tərəfinə, görüşdə iştirak edən baş nazir müavini Şahin Mustafayev isə Azərbaycan tərəfinə rəhbərlik edir. Onun görüşdə iştirakı görüş mövzusunun məhz Qarabağ olduğunu bir daha təsdiq edir.
Overçukun hazırki səfəri 26 noyabr görüş gününün gündəliyinin yekun olaraq razılaşdırılması məqsədinə xidmət edir. O, Bakıdan Nikol Paşinyanla görüş keçirmək üçün Yerevana gedib.
Azərbaycanla Ermənistan arasında iki sənədin – sərhədlərinin delimitasiyası- demarkasiyası haqqında, eləcə də iki ölkə arasında kommunikasiyaların açılması haqqında sazişlərin imzalanacağı gözlənilirdi. Lakin Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında delimitasiya-demarkasiya haqqında sazişdən danışmağın tez olduğunu, indiki mərhələdə sadəcə bununla bağlı komissiyanın yaradılması barədə birgə qərar qəbul edilə biləcəyini ifadə edib.
Kommunikasiyaların açılmasına gəlincə, Ermənistan tərəfinin hələlik yalnız dəmiryolu xəttinin açılmasına razılıq verdiyi barədə məlumat yayılıb. İstər dəmiryolu xəttinin tikilməsi, istərsə də demarkasiya-delimitasiya komissiyasının fəaliyyəti illərlə vaxt apara bilər. Əgər tərəflər Soçi görüşündə sadəcə komissiyanın yaradılması və dəmiryolu xəttinin tikilməsi haqqında sazişlərlə kifayətlənəcəksə, bu, Azərbaycanla Ermənistan arasında gerçək sülh sazişinin ertələnməsinə xidmət edəcək.
Basta