Lukaşenko rejiminə yeni sanksiyalar tətbiq edildi
Avropa İttifaqı, Birləşmiş Ştatlar və bir neçə Qərb müttəfiqi Belarusun siyasi və iqtisadi elitasına qarşı antidemokratik davranışları, hüquqların pozulması və miqrantların avtoritar lider Aleksandr Lukaşenko rejimi tərəfindən istismarı səbəbilə sanksiyaları genişləndiriblər.
Avropa İttifaqı bildirib ki, şuranın dekabrın 2-də keçirilən görüşündə nazirlər Lukaşenkonun ötən ilin avqust ayında mübahisəli şəkildə yenidən prezident seçilməsindən və Belarusun Aİ üzvü olan Polşa sərhədində toplaşan minlərlə Yaxın Şərq miqrantı səbəbilə yaşanan böhrandan sonra beşinci raund sanskiya qəbul edib.
Belarus 2020-ci ilin avqustunda keçirilən seçkilərdən sonra etirazçılara qarşı təqiblərə başlayıb, minlərlə insan həbs edilib. Nümayişçilər və müxalif fəallar seçkilərin Lukaşenkonun 26 illik hakimiyyətini uzatmaq məqsədilə saxtalaşdırıldığını iddia edir. Bundan əlavə etirazçılara qarşı işgəncə və pis rəftarla bağlı iddialar var və bir neçə insan ölüb.
Aİ-nin yeni sanksiyaları Aİ-nin Belarusla sərhədində baş verən böhrana görə məsuliyyət daşıdığı güman edilən 17 şəxs və 11 qurumu hədəf alır. Ümumilikdə Aİ indiyədək 183 belaruslu şəxsə və 26 quruma sanksiya tətbiq edib.
Britaniya, Birləşmiş Ştatlar və Kanada həmçinin Belarus qurumlarını hədəf alan ayrı cəza tədbirləri görüblər.
Avropa İttifaqı, Britaniya, Kanada və Birləşmiş Ştatlar ortaq bəyanatda buna görə “Belarusda insan haqları və əsas azadlıqlara qarşı davamlı hücumlar, beynəlxalq normalara məhəl qoyulmaması və davamlı repressiya aktları”nı səbəb göstərib.
ABŞ-ın Maliyyə nazirliyi bildirib ki, beşinci raund sanksiyalarda 20 şəxs, 12 qurum, üç təyyarə “Lukaşenko rejiminin beynəlxalq normalara və öz vətəndaşlarının rifahına açıq-aşkar laqeydsizliyi” səbəbilə hədəf alınıb.
Ötən həftə Belarusun sürgündə olan müxalifət lideri Svetlana Tixanovskaya Avropa İttifaqını dörd raund sanksiya tətbiq etdiyinə görə alqışlayıb, amma bu tədbirlərdə “boşluqlar”ın olduğunu bildirib və “Lukaşenko və onun ailəsi tərəfindən inhisarlaşdırılan qurumlara”təzyiqi artırmaq üçün “daha qətiyyətli addımlar” atmağa çağırıb.
Aİ-nin daha öncəki sanksiyalarında Lukaşenko və onun iki oğlu hədəf alınıb.
Aİ rəsmiləri Lukaşenkonu İran və digər ölkələrdən miqrantlardan “silah” kimi istifadə etməkdə günahlandırıb. Belə ki, Lukaşenko onları Yaxın Şərqdən təyyarələrlə gətirərək onları Belrusun Litva, Latviya və Polşa ilə sərhədində sığınacaq üçün müracitə etməyə həvəsləndirir.
Lukaşenko Avropa İttifaqını miqrantların daxil olmasına icazə verməməklə beynəlxalq sığınacaq qanunlarına cavab verməməkdə günahlandırır.