Stoltenberg Bakıya niyə gəlib?
Bazar günü Cənubi Qafqaza üç günlük səfəri başlayan NATO-nun Baş katibi Jens Stoltenberg və Azərbaycan Prezidenti İlham Əliyev təkbətək görüşdən sonra birgə açıqlama ilə çıxış ediblər.
Cənubi Qafqaz regionunda sülhün vacib olduğunu vurğulayan Jens Stoltenberg bildirib ki, indi Azərbaycan və Ermənistanın indi uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var.
NATO rəhbəri Rusiyanın Ukraynaya “təcavüzkar hücumunun davam etdiyini” və Azərbaycanın “zəruri humanitar yardım” göstərdiyini vurğulayaraq əlavə edib ki, “daha çox yardıma ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır.
İlham Əliyev bildirib ki, onlar görüşdə Ermənistanla sülh danışıqları və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Azərbaycan Prezidenti bəyan edib ki, onlar Ermənistanla sülh əldə etməyə əvvəlkindən daha yaxındılar.
Jens Stoltenberg-un səfəri əsasında NATO-nun mətbuat xidməti açıqlayıb ki, o, martın 18-də Azərbaycanın müdafiə və xarici işlər nazirləri ilə də görüşəcək və sonra Tbilisiyə, ordan isə Yerevana gedəcək.
Jens Stoltenberg-in regiona səfəri nə ilə bağlıdır?
Cənubi Qafqaz üzrə siyasi təhlilçi Şücaət Əhmədzadə BBC News Azərbaycancanın suallarını cavablandırıb:
“Səfər regiona diqqətin daha çox artıdığını göstərir”
– NATO-nun indiki və əvvəlki baş katibləri dəfələrlə Bakıda olub. Bu baxımdan, çox da fövqəladə bir vəziyyət yoxdur. Amma hər üç region ölkəsinə səfər etməsi, fikrimcə, onunla əlaqəlidir ki, son dövrlər, xüsusilə Qərbin Cənubi Qafqaz dövlətlərinə marağı ciddi şəkildə artmaqdadır.
Bundan başqa, son bir neçə aydır ki, Azərbaycanla Ermənistan arasında mümkün eskalasiya riskləri barədə danışılır. Ermənistan Baş naziri də belə bir risklər barədə açıqlama yayıb.
Məncə, artan səfərlər məhz bu kontekstdədir. Əlbəttə, nələrin müzakirə ediləcəyi ilə bağlı detalları biz bilə bilmərik. Ancaq [NATO baş katibinin] Ermənistana da səfəri regiona diqqətin daha çox artmasının göstəricisidir.
– Amma bu dəfə NATO-nun Baş katibinin Azərbaycana səfəri həm də o dövrə təsadüf edir ki, Rusiya ilə NATO-nun münasibətləri Ukrayna müharibəsinə görə pisləşib. Azərbaycan isə Rusiya ilə yaxın müttəfiqdir. Bu səfəri məhz bu kontekstdə necə şərh edərdiniz?
– Azərbaycan çalışır ki, Ukrayna məsələsində balansı qorusun. [Rəsmi Bakının] Ukraynaya yardımın müəyyən çərçivəni aşmamasının şahidiyik. Bu, daha çox humanitar yardımla limitlənir, ondan kənara çıxmır.
Azərbaycanın indi Ukraynaya münasibətdə yürütdüyü taktika odur ki, Rusiyanı qıcıqlandıracaq xətləri keçməsin. Ona görə də yardım daha çox simvolik, humanitar sferada baş tutur.
Ancaq biz NATO-Rusiya münasibətlərində Türkiyə faktorunu diqqətdən qaçıra bilmərik. Türkiyə-Rusiya arasında müəyyən razılaşmalar olsa da, Türkiyə bir NATO dövlətidir və Azərbaycan de-fakto olaraq, hərbi sferanın bir çox aspektlərində Türkiyə ilə yaxından inteqrasiya aparır.
Bu isə o deməkdir, Azərbaycan öz hərbisini, faktirik olaraq, NATO sisteminə inteqrasiya etdirir. Düzdür, Azərbaycan Rusiya ilə 2022-ci ilin fevralında müttəfiqlik deklarasiyası imzalayıb, amma bu, fikrimcə, daha çox manevr xarakterlidi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan daha çox NATO sisteminə uyğunlaşan dövlətdir.
– Siz Azərbaycanın NATO sisteminə daha çox hərbisini uyğunlaşdırdığını nəzərdə tutursunuz, eləmi? Siyasətini yox…
– Bəli, hərbisini. Siyasi xəttində maksimum dərəcədə Rusiyanı qıcıqlandırmamağa çalışır, hətta son vaxtlar, deyərdim, Rusiya ilə taktiki cəhətdən yaxınlıq göstərməsinin şahidi oluruq.
Xüsusilə, 19-20 sentyabr 2023-cü il hadisələrindən sonra, Cənubi Qafqazdakı proseslərdə bir çox məqamlarda Bakının Moskva ilə marağının üst-üstə düşdüyünün şahidiyik.
Azərbaycan müəyyən xətləri keçərək Rusiyanı qıcıqlandırmağa çalışmır, əksinə, bir sıra məqamlarda özünü birgə iş görməkdə daha maraqlı olduğunu göstərir. Ancaq bunu (uzun müddətli perespektivdə) Azərbaycanın Rusiya mərkəzli bir hərbiyyə yaratmaq istəməsinin göstəricisi kimi qiymətləndirmirəm.
Çünki Azərbaycanın xarici siyasəti daha çox Türkiyə ilə birgə çıxış etmək üzərindədir. Və siz NATO üzvü ilə inteqrasiya edərək Rusiya ilə hərbi inteqrasiya edə bilməzsiniz. Buna görə də adı müttəfiqlik haqqında bəyannamə olsa da, məncə, bu daha çox diplomatik manevr xarakterlidi.
“NATO özlüyündə bir institut kimi Azərbaycan və Ermənistan üçün əməkdaşlıq modeli ola bilər”
– Fikrinizcə, NATO-nun Baş katibi Jens Stoltenberg bu səfərində Azərbaycandan nə istəyə bilər?
– Düşünürəm ki, görüşdə iki məsələ müzakirə olunacaq. Biri Ukraynadı. Bilirsiniz ki, Ukrayna cəbhəsindəki vəziyyət son dövrlər bu ölkənin əleyhinə işləyir. NATO üzv dövlətlərində Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı müəyyən narazılıqlar var.
Zənnimcə, bu səfərdə [rəsmi Bakıdan] Ukraynaya daha çox dəstək, o cümlədən Avropanın qaz təchizatında daha aktiv rol oynaması istənilə bilər. Digər məsələ isə Azərbaycan-Ermənistan kontekstidir.
Düşünürəm ki, Avropa dövlətləri – onlar həm də NATO üzvləridir – Azərbaycan-Ermənistan eskalasiyası arzuolunmazdır. İndi dörd sərhəd kəndi üzərindən eskalasiya gözləntisi xəbərləri yayılır.
NATO Baş katibinin səfəri müddətində mümkün bir eskalasiyanın qarşısının alınması və danışıqlar yolu ilə sülhün əldə olunması müzakirə edilə bilər.
Bir də yəqin ki, ənənəvi olaraq, Azərbaycan-NATO münasiblətlərinin detalları ola bilər. Xüsusilə, Türkiyə vasitəsilə həyata keçirilən müəyyən təlimlər, proqramlar var.
– Siz dediz ki, NATO Baş katibi bu səfərində Azərbaycan-Ermənistan arasında eskalasiya riski ilə bağlı müzakirə apara bilər. Hərbi alyans olsa da, NATO iki ölkə arasındakı sülh danışıqlarına töhfə verə bilərmi?
– Düşünmürəm, çünki institutsional baxımdan bu potensialı yoxdur. NATO-nun burda marağı ondadır ki, iki ölkə arasında sülh müqaviləsi imzalansın.
Amma gələcəkdə NATO özlüyündə bir institut kimi Azərbaycan və Ermənistan üçün əməkdaşlıq modeli ola bilər.
Çünki hər iki ölkə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” platformasının üzvüdür və burda azərbaycanlı və erməni hərbçiləri çoxdövlətli təlimlərdə iştirak edirlər və onlar arasında müəyyən bir kontaktın yaradılmasında NATO-nun rolu ola bilər.
– Rəsmi Bakı təkzib etsə də, eskalasiya riskləri ilə bağlı söz-söhbət səngimir. NATO rəhbərliyi, sizcə, bu məsələ ilə bağlı Bakıya hansısa xəbərdarlıq edə bilərmi?
– Eskalasiya iki cür ola bilər. Biri, son vaxtlar aktuallaşan 4 Qazax kəndiylə bağlıdır. Azərbaycan orda hərbi eskalasiya olarsa, açığı, buna böyük bir reaksiya gözləmirəm. Ermənistan da oranı Azərbaycanın ərazisi kimi tanıyır.
Amma Yerevanda danışılan ssenaridəki kimi olarsa, yəni əgər Azərbaycan Ermənistan ərazisinin bir hissəsini işğal edərsə, buna böyük, ciddi reaksiya gələcəyini düşünürəm.
– Söhbət Zəngəzura görə eskalasiya ehtimalından gedir…
– Bilirsiniz ki, bir müddətdir, Ermənistanda bu söhbətlər gedir: Azərbaycan Zəngəzur koridorunu açmaq üçün hücum edəcək və sair.
Belə bir ssenaridə, əlbəttə ki, mən Qərbdən böyük reaksiya gözləyirəm. Amma, açığı, inanmıram ki, Azərbaycan belə bir müharibəyə hazırlaşır. Çünki bunun Azərbaycan üçün gətirəcəyi fəsadlar çox böyük ola bilər.
Düşünürəm ki, NATO Baş katibinin müzakirələrdə gözləntiləri səslənə bilər ki, biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.
“Azərbaycan NATO-ya inteqrasiyasını Türkiyə üzərindən həyata keçirən bir dövlətdir”
– Hazırda NATO-Azərbaycan hərbi əməkdaşlığı nə yerdədir?
– Bilirsiniz ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra rəsmi qərar verilib ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə modeli üzərində yenidən qurulsun.
Türkiyə modeli isə elə NATO modeli deməkdir. Ordu birləşmələrinin strukturu da yenidən qurulur. Türkiyənin köməkliyi ilə yeni hərbi birliklər yaradılır.
Silah alınması məsələsinə gəlincə, Azərbaycan son 10 ildə Rusiyadan ağır texnika almayıb. Bu müddət ərzində ölkənin silah bazarında iki ölkə dominantlıq edir: İsrail və Türkiyə.
Hər ikisi də NATO standartları əsasında silah istehsal edən dövlətlərdir. Son vaxtlarda İtaliya ilə də böyük silah razılaşmaları imzalanıb.
Yəni, həm silah alışında, həm ordunun strukturlaşmasında, hərbi təhsil sisteminin yenidən qurulmasında görürük ki, Türkiyə modeli artıq tətbiq edilir, günü-gündən sovet irsindən uzaqlaşma var.
Ona görə də NATO ilə inteqrasiya yüksək səviyyədədir, ancaq bu, açıq sözlə deyilmir, bu, Türkiyə üzərindən edilir. Yəni, Azərbaycan NATO-ya inteqrasiyasını Türkiyə üzərindən həyata keçirən bir dövlətdir.
– Azərbaycan indiyə kimi Əfqanıstanda NATO ilə tərəfdaş idi. İndi belə bir əməkdaşlıq platforması varmı?
– Yoxdur. Bircə Sudanda bir neçə nəfərlik heyətlə Azərbaycan sülhməramlısı qalıb, onlar da BMT-nin missiyasındadırlar.
– Əvvəllər NATO ilə hərbi təlimlər olurdu. Bəs son dövrlər belə təlimlər intensiv keçirilirmi?
– Son dövrlər daha çox kurslar keçirildiyini müşahidə edirəm. İkitərəfli təlimlər həyata keçirilmir. İndi belə təlimlər, əsasən Türkiyə ilə, qismən Gürcüstan və Pakistanla keçirilir. Bir də NATO-nun çoxtərəfl təlimlərində iştirak edirlər.
– Şücaət bəy, bəs Azərbaycan özü NATO ilə əməkdaşlıqda nə qədər maraqlıdır və bu əməkdaşlığa ehtiyacı varmı?
– Bəli, Azərbaycan NATO ilə institusional əməkdaşlığa, həm də fərdi NATO üzvləri ilə (Türkiyə) əməkdaşlıqda xüsusilə maraqlıdır, çünki məhz bunun hesabına Azərbaycan digər aktyorlarla (İran, Rusiya) balanslaşdırma apara bilir.
NATO Azərbaycandan “Ukraynaya humanitar yardımı artırmasını istəyə bilər”
Dediniz cənab Stoltenberg rəsmi Bakıdan Ukraynaya dəstəyin artırılmasını istəyə bilər. Söhbət, sizcə, yenə də humanitar yardımdan gedə bilər, yoxsa, məsələn, hərbi xarakterli ola bilərmi?
– Düşünürən ki, humanitar yardımdan başqa da yardım istənilə bilər.
– Məsələn?
– Məsələn, enerji sahəsində ola bilər. Hərbi dəstək də istəyə bilərlər, ancaq, məncə, Azərbaycan belə bir riski öz üzərinə götürməz. Ona görə də Azərbaycanın hərbi yardıma razılaşacağını istisna edirəm. NATO humanitar yardım istəyində qalacaq, uzağı, bu yardımın artırılacağını istəyə bilər.
– Son Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdü.
Amma diqqətimi daha çox çəkən görüş yox, görüşün rəsmi mediada təqdimatı idi: bu görüşün qarşı tərəfin istəyi ilə baş tutduğu bildirilirdi.
Buna qədər hər iki prezident Ukrayna müharibəsi başlayandan sonra bir-iki dəfə müxtəlif beynəlxalq platformalarda görüşsələr də, Azərbaycan rəsmi mediasının belə təqdimatına ilk dəfə rast gəlinirdi. Belə bir təqdimat sizdə hansı təəssüratı doğurmuşdu?
– Bu, üçüncü tərəfdən ehtiyat diskursudur. Özəlliklə, sentyabr hadisələrindən sonra ənənəvi Azərbaycan mediasını təhlil edəndə görürük ki, Ukrayna-Rusiya müharibəsi daha neytral qələmə verilir, Rusiya Müdafiə Nazirliyinin videolarına tez-tez istinad verilir.
Halbuki 2023-cü ilin sentyabrına qədər Ukrayna dəstəkli kəskin bir mövqe vardı. Təqdimatdakı “qarşı tərəfin istəyi ilə” sözü üçüncü tərəfə, yəni konkret Rusiyaya eyhamdır ki, bu görüşü qarşı tərəfin təşəbbüsü ilə keçiririk.
– O zaman NATO Azərbaycandan humanitar yardımın artırılmasını istəyərsə, bu istəyi yerinə yetirmək Bakı üçün risk daşıyarmı?
– Humanitar xarakter risk daşımır, Azərbaycan ən azı NATO rəhbərliyinin sözünü yerə salmamaq üçün bunu edər. İnanmıram ki, Rusiya humanitar yardımla bağlı ciddi reaksiya verə, çünki indiyə kimi buna reaksiya verilməyib.
– Bəs Azərbaycan enerji dəstəyini artıra bilərmi? Bir dəfə Ukraynaya yanacaq və generator göndərilmişdi.
– Bu dəstəyi də artırsa, inanmıram ki, Moskva 3-4 generatora görə Bakı ilə münasibətini pozsun.
– Bu halda Ukrayna məsələsində Azərbaycanın qırmızı xətti nədir?
– Hərbi dəstək və beynəlxalq platformalarda siyasi xəttin anti-Rusiya olması.
BBC