Vüqar Səfərliyə 11 il həbs istənildi
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2009-cu ildə yaranandan 11 il bu quruma rəhbərlik etmiş Vüqar Səfərliyə elə 11 il də həbs cəzası istənilib.
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror deyib ki, Səfərliyə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. Söhbət jurnalistlər üçün binaların tikintisi zamanı 17 milyon manata yaxın yeyintidən; Səfərlinin ailə üzvlərinə məxsus qəzetə vəsait ayrılmasından; prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına məxsus binada maliyyə baxımından daha əlverişsiz (baha) şərtlərlə Fond üçün icarəyə yer götürüb yüz minlərlə manatın israf olunmasından; restoranlarda təşkil edilən tədbirlər zamanı qonaq sayını və qiymətləri artıq göstərməklə mənimsəmədən gedir. Bu cinayət işində ümumilikdə 20 milyondan artıq mənimsəmə və israfetmədən bəhs olunur.
Bu işdə Səfərli ilə əlbirlikdə suçlanan daha 10 nəfər də onunla birlikdə mühakimə olunur. Onların arasında Fondun mühasibi olmuş Təhminə Yaqubova, KİVDF-nin tədbirlərinin keçirildiyi “Altun”, “Xəmsə” kimi restoranların icarədarları, jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru və digər işçiləri də var.
Prokuror təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Yaqubovaya 6 il şərti cəza verilməsini, digər doqquz nəfərdən dördünün (restoran icarədarları) 2 il, qalan 5 nəfərin isə 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Üzərində həbs olan əmlaklar
Dövlət ittihamçısı çıxışında Səfərli və bir neçə başqa təqsirləndirilən şəxsin əmlaklarıyla bağlı məsələyə də toxunub. Prokuror bildirib ki, üzərində həbs olan əmlaklar müsadirə edilməli, dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.
Təqsirləndirilən şəxslərdən Ədalət Vəliyev məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edib ki, Mətbuat prospektində ona məxsus binanın dövlət nəfinə verilməsinə özü də, ailə üzvləri də razıdır. Vəliyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumudur. O, jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru olub. Bu şirkətin təsisçisi isə Əli Həsənovun baldızı Gülər Vəliyevadır.
Prosessual qaydalara görə, prokurordan sonra vəkillər çıxış etməlidir. Vəkillər isə hazırlaşmaq üçün vaxt istəyib. Onlara dekabrın 14-nə qədər vaxt verilib.
Xatırlatma
63-yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.
AzadlıqRadiosu