Milli Məclis üç gün növbədənkənar sessiya keçirəcək – GÜNDƏLİK

Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. 

Bu tələbi nəzərə alan S.Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb. 

Sessiya üç gün davam edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ilk iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir. Daha sonra ayın 6 və 7-də də iclaslar davam etdiriləcək.

İclasın gündəliyinə 6 məsələnin daxil edildiyi bildirilir. Bunlar aşağıdakılardı:

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş):

 2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).