Ölümünə boşanmaq: Türkiyədə qadına şiddətə həsr olunmuş film Britaniyada Oscar mükafatına namizəd göstərilib

 

 

“Qollarıma vurma, uşaqlarıma baxa bilmərəm”.

 

Əri dəfələrlə atəş açmazdan əvvəl Arzu Bozdaş bu sözləri demişdi.

 

Əri Arzunu o qədər pis yaralayıb ki, qollarını itirib, üstəlik, hər iki ayağını kəsməli olublar.

 

“Boşanmaq üçün ölmək” (“Dying to Divorce”) filmi rəsmi olaraq “Ən yaxşı beynəlxalq uzunmetrajlı film” və “Ən yaxşı sənədli film” nominasiyalarında “Oskar” mükafatına namizəd göstərilib. Britaniyanın “Oskar” mükafatına namizəd olan aşağı büdcəli sənədli filmində Arzu Bozdaşın həyatından da bəhs edilir.

 

Uelsin Powys şəhərindən olan rejissor Chloe Fairweather Türkiyədə qadın qətllərinin artmasına həsr olunan filmi 5 ilə çəkib.

 

Türkiyədə qadınların üçdə birindən çoxu məişət zorakılığına məruz qalır. Bu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricidir.

 

Türkiyədə insan haqları müdafiəçilərinin məlumatına görə, bu il ən azı 345 qadın öldürülüb.

 

“Həyatımı məhv etdi”

 

Arzu 6 uşağının atası olan ərindən boşanmaq üçün məhkəməyə getdiyi gün ağır yaralanıb və həyatı tamamilə dəyişib.

 

O deyir ki, məşuqəsi olduğu üzə çıxandan sonra həyat yoldaşı boşanmaması üçün ona yalvarıb, amma sonradan qarşılıqlı razılıq əsasında ayrılmağa razılıq verib.

 

Amma həmin gün onun yanına ov tüfəngi ilə gəlib.

 

 

 

Bacısının evində yaşayan Arzu həmin gün başına gələnləri belə xatırlayır:

 

“Dedi ki, yerə uzan və ayaqlarını uzat. Səni öldürmək üçün yox, süründürmək üçün vuracam”.

 

Arzu imtina etdikdə əri onun hər iki ayağına atəş açıb.

 

Arzu deyir ki, ərinə onu vurmaması üçün yalvarmayıb: “Qollarım üçün yalvardım. Dedim ki, qollarıma vurma, uşaqlarıma baxa bilməyəcəm. Əlil arabasında da olsam, onlara qulluq edə bilərəm, amma qollarım olmasa, neyləyərəm?”

.

Arzu

.

Sonra əri Arzunun qollarını çəkib altından çıxarıb və atəş açıb.

.

Bu hadisədən sonra Arzunun hər iki ayağını kəsiblər, qolları yararsız hala düşüb.

.

“Həyatımı məhv etdi” – Arzu belə deyir.

.

Ekrem Cansever
Arzunun atası Əkrəm Cansevər qızını 14 yaşında ərə verdiyi üçün peşmandır
.

Atası Ekrem Cansevər Arzunu 14 yaşında ərə verəndən sonra “çox peşman” olduğunu deyir:

.

“Onu gənc yaşda ərə verdiyim üçün özümü günahkar hiss edirəm. Uşaqlarımın həyatını məhv etdim. Nə olsun ki, adət belədir?”

.

Yozqat həbsxanasından müsahibə verən Ahmet Bozdaşsa “Bu qədərini etməzdim, amma qürurumu, namusumu təhqir etdi”.

.

Bozdaş hökuməti günahkar hesab edir:

.

“Əslində, Türkiyədəki qanunlar bizi bu hala gətirdi, qadınlar öz haqları naminə yanlış hərəkətlərə təşviq edildi… Sonunda əziyyət çəkən kişilər olur”.

.

Bozdaşa 20 il həbs cəzası verilib.

.

Kubra Eken
Kübra Eken ərinin hücumuna məruz qalandan sonra iflic olub
.

Kübra əri ilə tanış olub evlənmək üçün Türkiyəyə qayıtmazdan əvvəl Londonda – “Bloomberg”-də işləyən uğurlu bir xəbər aparıcısıydı.

.

O, beyin qanaması keçirib və qızlarını dünyaya gətirəndən iki gün sonra iflic olub.

.

Kübra deyir ki, həyat yoldaşı Neptun aralarındakı mübahisədən sonra onun başına 4 zərbə endirib. Neptunsa Kübranın vəziyyətinin keysəriyyə əməliyyatına görə pisləşdiyini deyir.

.

Kübra “Boşanmaq üşün ölmək” filmi üçün danışanda bu hadisədən artıq 2,5 il keçmişdi.

.

Hazırda o, ailəsiylə yaşayır, əlil arabasından istifadə edir və yavaş-yavaş yenidən danışmağı öyrənir.

.

Kübranın ailəsi nəvələriylə həftədə üç dəfə görüşmək haqları olduqlarını deyir, amma Neptunun ailəsi heç bir şəkildə buna icazə vermir.

.

Kübra'nın qizi
Kübra beyin qanaması keçirib və qızları doğulandan iki gün sonra iflic olub
.

“Televizorda ana-bala görəndə Kübranı kiritmək olmur. Elə hey uşaqları gətirəcəklərini deyirlər, amma gətirmirlər”.

.

“Boşanmaq üçün ölmək” filmində Kübranın qəyyumluq uğrunda mübarizəsi və məhkəmədə ifadə vermək üçün yenidən danışmağı öyrənmək cəhdləri təsvir edilir.

.

Məhkəmə ərinə şiddətə görə 15 ay həbs cəzası kəsib.

.

“Ədalətsiz sistem”

.

Bənzər hekayəli bir çox qadına dəstək verən, məişət zorakılığı aktivisti və Kübranın vəkili İpək Bozqurt Türkiyənin ədliyyə sistemini tənqid etdiyi üçün həbs olunmaq qorxusuyla işinə davam edir:

.

“Bu ölkə arvadlarını, qızlarını və ya əvvəlkindən fərqli yaşamaq istəyən rəfiqələrini cəzalandırmaq istəyən qatilləri qoruyur. Siz bu sistemin nə qədər ədalətsiz olduğunu görürsüz və bununla mübarizə aparmalısız” – İpək belə deyir.

.

Ipek Bozkurt
Vəkil və aktivist İpək Bozqurd gender əsaslı şiddətə məruz qalan qadınların hüquqlarını müdafiə edir
.

İpək Bozqurd BBC Türkcəyə açıqlamasında bildirib ki, Chloe Fairweather təxminən 6 il əvvəl Özgecan Aslanla bağlı məhkəməni izləmək üçün Türkiyəyə gedib. Fairweather İpəklə Özgecanın 11 fevral 2015-ci ildə öldürüldüyü Tarsusda tanış olub. Rejissor başqa məhkəmələri də izləyə bilmək üçün vəkillə əlaqələrini davam etdirib.

.

“O bizdə məhkəmələrin nə qədər davam edəcəyini bilmirdi. Film çəkilərkən Türkiyənin gündəmi, sistemi, idarəçiliyi dəyişdi. Bunların hamısı filmə daxil edildi. Bu, qadınlarla bağlı məhkəmələrinin arxa fonunda Türkiyənin yaxın siyasi tarixinə də nəzər salan bir iş oldu. Qadınların problemlərinə ölkənin vəziyyətindən, silahlanmanın artırılması kimi qərarlardan ayrı baxmaq olmaz” – İpək Bozqurd belə deyir.

.

 

Beynəlxalq Amnistiya Təşkilatına görə, Türkiyədə məhkəmə sistemi ədalətli qərarlar qəbul etmir və beynəlxalq insan haqları hüququyla qorunan fəaliyyətləri cəzalandırmaq üçün “geniş tövsifli terrorla mübarizə qanunlarını” tətbiq edir.

.

Təşkilat qeyd edir ki, jurnalistlər, siyasətçilər, fəallar, sosial media istifadəçiləri və insan haqları müdafiəçiləri real və ya iddia edilən müxalifətçiliyə görə məhkəmə təqibləriylə üzləşirlər.

.

Mart ayında Türkiyə məişət zorakılığının qarşısını almağı, mühakimə etməyi və aradan qaldırmağı nəzərdə tutan İstanbul Konvensiyasından imtina etmişdi.

.

Mühafizəkarlar iddia edirlər ki, konvensiyadakı gender bərabərliyi və cinsi oriyentasiya əsasında ayrı-seçkiliyə yol verilməməsi kimi prinsiplər ailə dəyərlərinə xələl gətirir və homoseksuallığı təşviq edir.

.

Filmin rejissoru Chloe Fairweather və prodüseri Sinead Kirwan ölkənin keşməkeşli dönəmlərində qadınların ədalət mübarizəsini izləmək üçün 5 ili Türkiyəyə gəlib-gedərək keçiriblər.

.

15 iyul 2016-cı il çevriliş cəhdinin ardınca – 2017-ci ildə ölkənin güclü, amma qütbləşdirici prezidenti Erdoğana geniş səlahiyyətlər verən referendum keçirildi.

.

‘Tamamilə məzlum’

.

Chloe Fairweather deyir ki, maliyyə problemləri və qadınlarla bağlı uzun məhkəmə prosesləri layihənin “çətin yolda” olduğunu göstərib və bəzən onun heç vaxt tamamlanmayacağından qorxub.

.

“Mən hekayənin təcili yayımlanmalı olduğunu hiss etdim, bu da filmin çəkilməsinə böyük təkan verdi. Qadınlar çox ilhamverici idilər – həyatlarını dəyişir, irəliləyir, inanılmaz çətinliklərin öhdəsindən gəlirdilər və bu çətinliklər qarşısında daha da güclənirdilər” – Chloe Fairweather belə deyir.

.

Chloe Fairweather
Chloe Fairweather filmin qadın qətllərinin “həqiqətən böyük bir problem” olduğuna diqqət çəkmək cəhdi kimi qiymətləndirilməsindən məmnundur

.

O qeyd edir ki, filmin 94-cü “Oskar” mükafatlarında Britaniyanı iki kateqoriyada təmsil etmək üçün seçildiyini eşidəndə şoka düşüb. Böyük təəccüblə “Nə? Nə? Doğrudan?” deyə soruşub:

.

“Belə bir film çəkəndə özünüzü bir az zidd, tam bir məzlum kimi hiss edirsiz. Ona görə də təəccübləndik, amma filmin bu şəkildə tanınmasına və problemin həqiqətən də vacib bir məsələ kimi qəbul edilməsinə şadıq”.

.

BBC