Natiq Ulubəyi qətlə yetirənə verilən cəza qüvvədə qaldı
Noyabrın 27-də Ali Məhkəmədə Müsavat Partiyasının fəalı Natiq Mehdini (Ulubəy) qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun kasasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib və hökmü qüvvədə saxlayıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.İslamov 19 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanın 4 ilini qapalı həbsxanada, digər 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
Qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.
Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

