Daha iki AXCP üzvü həbs edilib
Qarabağa və Milli Orduya dəstək yürüşünə görə həbs olunan cəbhəçilərin sayı yenə artıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – partiyanın Qaradağ şöbəsinin sədri Elnur Cabbarov və Abşeron şöbəsinin üzvü Müşfiq Quliyev də Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Bu iş üzrə həbs olunan digər cəbhəçilər kimi, onlara qarşı da Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Hər birinin barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Onlardan buna qədər 16 nəfəri haqqında cinayət işi başlandığı, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunurdu.