Arif Hacılı son həbslərdən yazdı
Xaricdən gözlənilən böyük təhlükələr, xarici düşmənlə əlbir olan kollaborasionistlər, 5-ci kalon haqqında təbliğat şoularının təşkil edilməsi avtoritar rejimlərin xarakterik xüsusiyyətidir.
Daha irəli gedənlər buraya sui-qəsd, dövlət çevrilişi cəhdləri kimi dramatik səhnələr də əlavə edir ki, tamaşa daha təsirli alınsın.
Fidel Kastro ona qarşı təşkil olunmuş 200-dək terror cəhdinin, 600-dək terror planının qarşısını aldığını iddia edirdi. Amma, 90 yaşında öz əcəli ilə öldü.
Lukaşenko bu günlərdə Rusiyadan nəmalum missiya ilə Belorusa gələn “Vaqner qrupu”nun 33 üzvünü “həbs edib.”Ötən seçkilərdən birində yenə naməlum missiya ilə, amma o dəfə Ukraynadan gələn silah-sursat dolu avtobusu tutmuşdu…
Adətən belə şoular seçkilər ərəfəsində və ya rejim üçün təhlükə yarananda təşkil olunur.
İndi Azərbaycanda “Qarabağa azadlıq”, “Ya Qarabağ, ya ölüm”, “Şəhidlər ölməz, vətən bölünməz”-şüarları ilə keçirilən yürüş-mitinq əsasında qurulan dövlət çevrilişi tamaşası bu tipdən olan tamaşaların ən uğursuzudur.
.
.
14-15 iyul aksiyası bəlkə də 1990-cı il, 22 yanvar şəhidlərimizin dəfni aksiyasından sonra arxasında hər hansı siyasi məqsədlər, qrup maraqları dayanmayan, xalqı ümumi bir hədəf, ümumi bir ideya ətrafında birləşdirən ilk ümummili aksiya idi. Bu böyük tarixi hadisəni daxili siyasi mübarizənin predmetinə çevirmək olmazdı.
Necə ki, demokratik müxalifət bunu fürsət bilmədi, nə bu hadisədən, nə də sərhəd bölgəsində baş verənlərdən siyasi məqsədlər üçün istifadə etmədi. Etməzdi də. Tam əksinə, bu məsələlərdə ordunun və dövlətin yanında olduğumuzu yüksək səslə bildirdik. Hakimiyyət isə bu mitinqin xırda fəsadlarını aradan qaldırmaq və unutmaq əvəzinə xalqın iradəsini qırmaq, bu böyük gücü, enerjini nəinki söndürmək, hətta daxili mübarizəyə yönəltmək yolunu tutdu. Dünyada böhranın imkana çevrilməsi metodunun geniş tədbiq olunduğu bir zamanda imkanı böhrana çevirdi.
14-15 iyul Qarabağ mitinqi xalqın iradəsinin nümayişi idi. Bu baxımdan son repressiyalar yalnız ayrı-ayrı fərdlərə, qurumlara, AXCP üzvlərinə qarşı yox, həm də bütövlükdə xalqa qarşı, xalqın iradəsinə qarşı yönəlib.
Repressiyalara qarşı mübarizə də ümumxalq işinə çevrilməlidir!
Qarabağ mitinqi məhbuslarına, bütün siyasi məhbuslara azadlıq!
.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta