Vəkillər Kollegiyasından gözlənilməz qərar
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
İclasın əsas gündəm mövzusu vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli barəsində Baş Prokurorluq tərəfindən təqdim edilmiş təqdimatın və Bəhruz Bayramov barədə şikayətin müzakirəsi olub.
Musavat.com-un məlumatına görə, Baş Prokurorluğun təqdimatında Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması istənilib.
Qeyd edək ki, hər iki vəkil Gəncə hadisələrində təqsirləndirilən şəxslərin vəkili kimi çıxış ediblər. İddia olunur ki, həmin vəkillər intizam pozuntusuna yol verib.
Həmçinin Bəhruz Bayramovla bağlı da ayrı bir şəxs tərəfindən daxil olan şikayət də müzakirə edilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti müzakirələr nəticəsində belə qərara gəlib ki, hər üç şəxs heç bir intizam pozuntusuna yol verməyib.
Bu qərarı gözlənilməz və maraqlı qərar hesab etmək olar. Çünki adı çəkilən üç vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılacağı ilə bağlı sosial şəbəkələrdə də müzakirələr gedirdi.
Vəkil Janna Bağırova isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə vəkillikdən xaric edilib.
Qeyd edək ki, Janna Bağırova barəsində bir neçə dəfə intizam icraatı başlamışdı.