Tokayev KTMT qüvvələrinin Qazaxıstandan çıxacağını açıqlayır

Qazaxıstanın Daxili İşlər Nazirliyi ötən həftəki iğtişaşlarla əlaqədar 9 min 900 nəfərin saxlandığını bildirir.

 

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin iki günə ölkədən çıxmağa başlayacağını açıqlayıb.

 

O, yanvarın 11-də parlamentdə çıxışında KTMYT qüvvələrinin 10 günün içində ölkəni tamamilə tərk edəcəyini deyib. Çıxış televiziya ilə birbaşa yayınlanıb.

 

Ötən həftə Tokayev zorakı etirazları yatırmaq üçün KTMT-yə müraciət edib, hərbi blok dərhal qüvvə göndərib.

 

10 minə yaxın saxlanan var 

Tokayev bu gün Alixan Smailovu baş nazir vəzifəsinə namizəd kimi irəli sürüb. 49 yaşlı Smailov öncəki hökumətdə baş nazirin müavini idi. Tokayev ölkədə görünməmiş etirazlar vaxtı hökuməti buraxdı.

 

Etirazlarda azı 163 nəfərin həlak olduğu bildirilir. Tokayev iğtişaşları “dövlət çevrilişi cəhdi” adlandıraraq böhrandan istifadə edib və hakimiyyətini möhkəmləndirib.

 

Qazaxıstanın Daxili İşlər Nazirliyi ötən həftəki iğtişaşlarla əlaqədar 9 min 900 nəfərin saxlandığını açıqlayıb.

 

Ötən həftə ölkənin qərbi Mangistau regionunda maye qazın iki dəfə bahalanması etirazlara səbəb olub. Dinc etirazlar sonradan zorakılıqla müşahidə olunub, ölkənin kommersiya paytaxtı Almatıda və digər şəhərlərdə hökumət binaları, mağazalar yandırılıb.

 

Dəlil

 

Hakimiyyət hələlik, etirazların arxasında terrorçuların, “əcnəbi döyüşçülər”in durması iddialarını əsaslandıracaq dəlil ortaya qoymayıb. Bəzi şahidlər mütəşəkkil zorakı qrupların dinc etirazlardan istifadə etdiyini deyir, digərləri hökuməti zorakılığı qızışdırmaqda suçlayır.

 

Tokayev yanvarın 5-də ölkədə fövqəladə vəziyyət elan edərək KTMT qüvvələrini çağırdı. O eyni zamanda hökuməti buraxdı, keçmiş prezident Nursultan Nazarbayevi Milli Təhlükəsizlik Şurasının başçısı vəzifəsindən kənarlaşdırdı.

 

Prezident Milli Təhlükəsizlik Komitəsinin başçısı, Nazarbayevin adamı sayılan Kərim Məsimovu vəzifədən çıxardı, daha sonra dövlətə xəyanət ittihamıyla həbs elədi. Bir neçə təhlükəsizlik rəsmisi də saxlandı.

Tokayev parlamentə çıxışında vətəndaşları iqtisadi sabitlik üçün işlədiyinə əmin etməyə çalışıb. O, Mərkəzi Banka və maliyyə bazarını tənzimləyən agentliyə göstəriş verib ki, milli valyuta tengeyə inamın artmasından ötrü xarici valyuta bazarında sabitliyi təmin etsin.

 

AzadlıqRadiosu