Ehtiyatlı ol, Mikayıl Cabbarov

Nemət Əliyev, iqtisadçı

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100%-lik lokalizasiyaya nail olmaq fikrinə düşüb. İzahını da belə verib ki, guya qiymət artımlarının təsirini minimallaşdırmağın yeganə yolu budur.
100% lokalizasiyanın mümkün, yaxud da lazım olub-olmaması məsələsinə toxunmadan deyim ki, bu təşəbbüs avantüradır və hazırkı bahalaşmaya görə əhalidə yaranan narazılığı əsas səbəbkarların üzərindən yayındırmaq cəhdidir.

 

Əvvala, idxaldakı bahalaşmanın daxili bazarlara müəyyən qədər ötürücülüyünü istisna etməsək də, Azərbaycanda yaşanan hazırkı böyük bahalaşmanın əsas katalizatoru hökumət, hökumətin geniş meydan verdiyi korrupsiya, monopoliya, rüşvətxorluq, dövlət idarəetmə orqanlarının özbaşınalığıdır.

 

İkincisi, 100% lokalizasiya, yəni məhsul istehsalı üçün lazım olan bütün komponentlərin ölkə daxilində istehsalının təşkil olunması həqiqətən də Azərbaycanda ucuzlaşmaya səbəb olursa, bəs nə üçün bir zamanlar Xaçmaz konserv zavodu, yaxud da, İmişli şəkər zavodu istismara buraxıldıqları gündən şəkər və konservlərin qiymətləri birdən-birə 25-30% bahalaşmışdı?

 

Axı Mikayıl müəllimin məntiqinə görə, bu zavodların işə düşməsi ilə 100% olmasa da, əsasən təmin edilmiş lokalizasiya həmin malların ucuzlaşmasını təmin etməliydi. Amma etmədi!

 

Başqa bir nümunəyə nəzər yetirək. “Azərsun” holdinqə məxsus müəssisələrin istehsal etdikləri malların qiymətləri xarici mallara nəzərən hazırda niyə yüksək bahalaşma faizləri nümayiş etdirir? Ötən ilin noyabr aynda xaricdən gətirilən günəbaxan yağları 41% bahalaşdığı halda, yerli günəbaxan yağları 50% bahalaşıb. Noyabrda idxal olunan qarğıdalı yağları 23% bahalaşıbsa, yerli qarğıdalı yağları 33% bahalaşıb. Əcnəbi ölkələrdən gətirilən qatılaşdırılmış südün qiyməti 12%, Azərbaycan istehsalı olan həmin südün qiyməti isə 25% artıb.

 

İdxal etdiyimiz tomat sousunda hazırlanan balıq konservləri 8%, yerli balıq konservləri isə 24%-ə yaxın bahalaşıb… Faktların müqayisəsindən açıq şəkildə görünür ki, 100% olmasa da, müəyyən dərəcədə lokalizasiyası təmin edilmiş yerli mallar bahalaşma sürətinə görə, Mikayıl müəllimin düşüncələrinin əksinə olaraq, idxal mallarını xeyli dərəcədə üstələyir. Fikrimcə, iqtisadiyyat naziri diqqətini məsələnin bu tərəfləri üzərinə cəmləşdirsəydi, qiymətlərin minimallaşdırılmasına nail olmağın daha vacib və daha səmərəli yollarını görə və seçə bilərdi. Onu da nəzərə alın ki, gətirdiyim nümunələrdə nisbətən aşağı görünən idxal bahalaşma faizləri Gömrük Komitəsində oturan məmurların saqqalı altından çıxan faizlərdir.

 

Zamanında o saqqallar dibindən kəsildəydi, əmin olun ki, idxaldakı bahalaşma faizləri bu gün xeyli dərəcədə aşağı olardı. Bu səbəblərdən bu günkü bahalaşmada böyük təsiri olan daxili amillərin üzərindən sükutla ötüşmək qəti şəkildə yolverilməzdir və yanlış nəticələrə gətiriib çıxarar. Soyuq suyun 2 dəfə, kanalizasiya xidmətlərinin 2 dəfə, dizel yanacağının 33%-dən çox, təbii qazın 27% bahalaşdırılmasının, BP-nin Azərbaycana havayı verdiyi qazı əhaliyə pulla satmağın xariclə əlaqədar heç bir əsaslandırması yoxdur və ola da bilməz. “Azal” QSC-nin sərnişindaşımada biletlərə tətbq elədiyi yüksək qiymətlər dünyanın məşhur aviaşirkətlərini lap çoxdan geridə buraxıb. Odur ki, bu dərəcədə təkzibolunmaz faktları görməzdən keçməklə bahalaşmada korrupsiyanın, rüşvətxorluq və monopoliyanın, məmur özbaşınalığının, yarıtmaz idarəetmənin buraxdığı böyük izlərin üzərinə kölgə salmaq mümkün deyil.

 

Ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq təşəbbüsü isə ilk baxışdan qulağa xoş gəlir. Amma nəzərə almaq lazımdır ki, bu məqsəd ətrafında bütün ərzaq mallarını hədəfləmək, hərtərəfli təhlil aparmadan dövlətin böyük resurslarını bu istiqamətə yönəltməyə cəhd etmək “qaş düzəldən yerdə göz çıxarmaq” kimi bir şey olardı. Nə üçün? Ona görə ki, beynəlxalq iqtisadi münasibətlərdə həlledici təsirə malik olan beynəlxalq əmək bölgüsü sayəsində müxtəlif ölkələrdə konkret məhsul, iş və ya xidmətlər istehsalı üzrə yüksək dərəcədə ixtisaslaşmış təsərrüfatlar fəaliyyət göstərirlər ki, belə təsərrüfatlarla (ölkələrlə) nə qiymət rəqabətinə girə bilərsən, nə də belə rəqabətə davam gətirə bilərsən. Korrupsiya, monopoliya, rüşvətxorluq və özbaşınalığın yuva saldığı Azərbaycan kimi ölkələr və bu tip ölkələrin təsərrüfatları belə bir rəqabətin heç yaxınlığından ötə də bilməz.

 

Əgər sahibkar Azərbaycanda istehsalını 20 manata başa gətirdiyi ərzağı qonşu Rusiyadan, ya da başqa bir xarici ölkədən gətirib 10 manata sata və bu 10 manatdan da qazanc götürə bilirsə, onu topa qoysan da, burada həmin məhsulun istehsalını təşkil etməyə və bunun üçün investisiya etməyə maraq göstərməyəcək. Çünki əlavə xərc töküb ölkə daxilində həmin məhsulu istehsal etməkdənsə, onu idxal eləmək daha səmərəli yol hesab olunur. Sözümün canı budur ki, beynəlxalq əmək bölgüsü müəyyən növ məhsul(lar) və ya məhsullar qrupu üzrə ölkələrə öz ehtiyaclarını daha az xərclə qarşılamaq imkanı yaradır. Əgər başqa ölkələr bu imkanlardan həm bacarıqla, həm də əhəmiyyətli dərəcədə faydalana bilirsə, iqtisadiyyat nazirliyinin yeni velosiped kəşf etməyinə ehtiyac yoxdur. Odur ki, milyonları havaya sovurmadan bu kimi məsələləri yüz ölçüb, bir biçmək çox vacibdir.

 

Xalqın absurd və avantürist eksperimentlərdən, yalan vədlərdən cana doymağını da hesablamaq lazımdır. İxrac olunan qeyri-neft mallarının adambaşına düşən məbləğini 1000 dollara yüksəltmək, ÜDM-in adambaşına düşən həcmini 13 min dollara çatdırmaq, buğda ilə təminat səviyyəsini 100%-ə qaldırmaq kimi verilən yalan vədlər hələ də unudulmayıb. Milyardlarla vəsait xərclənsə də, təəssüflər olsun ki, vəd verilən bu göstəricilərin heç birini yerindən tərpətmək mümkün olmayıb. ÜDM-in adambaşına düşən həcmi göstəricisi isə 44% azalaraq 7594 dollardan 4272 dollara düşüb…

 

Bu və ya bu kimi qulağa xoş gələn təşəbbüslər məhz ağır nəticələrlə müşayiət olunduğuna görə irəli sürülən yeni təşəbbüslər hazırda insanların şüurunda dövlətin maliyyə vəsaitlərini talamaq, havaya sovurmaq vasitəsi kimi assosasiya yaradır. Odur ki, təşəbbüs irəli sürərkən də, fikir söyləyərkən də çox ehtiyyatlı olmaq lazımdır, Mİkayıl müəllim!

 

Basta