Putin niyə tələsir?

 

Dadaş Əhmədli

Politoloq

 

Yanvarın 10-13-də Rusiya-ABŞ, Rusiya-NATO və Rusiya-ATƏT danışıqlarının gözlənildiyi bir vaxtda qəflətən Qazaxıstanda əhali sıxılmış qazın qiymətlərinin qalxması səbəbilə etiraz aksiyalarına başladı və qısa müddətdə sosial tələblərlə başlamış narazılıqlar siyasi xarakter alınca hökumət bu həyəcanı yatırmağa gücünün olmadığını anlayaraq KTMT güvvələrini ölkəyə dəvət etməli oldu.

 

Hadisələrin hansı səbəbdən baş verməsini ən müxtəlif versiyalarla izah edənlər var və bunun ya zəlzələdən, ya vəlvələdən baş verməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, Qazaxıstan olayları 2022-ci ilin ilk ciddi qlobal siyasi hadisə oldu. Qazaxıstanda baş verənlər Ukrayna ilə Rusiya arasıdakı müharibə hazırlıqlarını  və Rusiya-Qərb danışıqlarını da kölgədə qoydu. Bəzi ekspertlər hətta bunu Rusiyanın hamını aldatması və qərb cəbhəsində baş qatmaqla cənubda yerləşən mərkəzi Asiya ölkələrini təsir dairəsinə salması kimi də qiymətləndirirlər. Bütün olanlardan belə nəticə çıxır ki, Rusiya rəhbərliyi çox tələsir və bu il hansısa planlarını reallaşdırmağı qarşısına məqsəd qoyduğu təəssüratı yaranır.

 

Rusiyanın “Россия 24” TV kanalında xeyli müddətdir ki, Sovetlər İttifaqı zamanından bizə tanış olan Oktyabryat nişanı nümayiş etdirilir. Bu nişanın bizim bildiyimiz nişandan bir fərqi də var: burada Vladimir Leninin uşaqlıq şəklinin yerində “Без СССР”, yəni “SSRİ-siz” sözləri əks etdirilir. Elə bil bununla SSRİ-ni xatırlatmağa, bir növ nostalji hisslər yaratmağa çalışırlar. Üstəlik, keçmiş İttifaqın müxtəlif respublikalarından, hazırda müstəqil dövlətlər olan ölkələrin sakinlərinin İttifaq üçün qəribsəyən müsahibələrini də verməklə bu hissləri bir qədər də körükləməyə çalışırlar. Görkəmli kino rejissor Nikita Mixalkovun nostalji və aqressiya dolu verilişləri də eyni məqsədə xidmət edir. Bütün bunların Vladimir Putinin SSRİ-ni bərpa eləmək istəyinin ideoloji hazırlıqları olduğu aşkardır. Həm də bu işləri çox qısa zamanda – çox güman ki, 2022-ci ildə yekunlaşdırılması planlaşdırıldığı barədə də məlumatlar dolaşır. Niyə məhz bu il?

 

Bu il SSRİ-nin yaradılmasının 100-cü ildönümüdür. Məlum olduğu kimi SSRİ 1922-ci ilin dekabrında yaradılıb. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olmuşdur – Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. Ruslar simvolik məsələlərə həssas yanaşırlar. SSRİ-nin yaradılmasının 100-cü ilində oxşar biri qurumun yaradılması Vladimir Putinin Vladimir Leninin işini layiqincə davam etdirməsi mənasını verər. Düzdür, hələlik Ukrayna və Cənubi Qafqazla bağlı müəyyənlik yoxdur. Amma qısa müddətə münaqişələr və güc vasitəsilə pu problemi də yoluna qoymaq mümkündür.  Üstəlik, Qazaxıstanda başladılmış fəaliyyəti genişləndirərək Orta Asiyanı da az zaman içərisində keçmiş günlərinə qaytarmaq çətin olmayacaq. Hər halda, Rusiya televiziyaları perspektivindən belə görünür.

 

Putinin tələskənliyinin bir səbəbəbi də onun özünün səhhəti ilə bağlıdır. Rusiyalı tanınmış politoloq Valeriy Solovey iddia edir ki, Vladimir Putinin onkoloji xəstəliyi var, üstəlik də Rusiya prezidenti parkinson xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də onun planlarını reallaşdırmaq üçün elə də çox zamanı yoxdur. 2022-ci ildə Vladimir Putin həm SSRİ ilə bağlı planlarını həyata keirməli, həm də varis məsələsini həll etməlidir. Bu səbəbdən də hadisələri tələsdirmək lazım gələcəkdir. Rusiyanın ABŞ və NATO-ya şərtlər irəli sürməsi, keçmiş SSRİ respuklikalarını (Baltikyanı ölkələr xaric) özünün nüfuz dairəsi kimi təqdim etməsi bu planların ciddiliyindən xəbər verir.

 

Vladimir Putinin tələskənliyinin digər bir səbəbi də Rusiyanın özünün imkanlarının gündən-günə zəifləməsi ilə bağlıdır. Rusiya keçmiş SSRİ ilə müqayisədə çox zəifdir. Hətta, 2014-cü ilin Rusiyası ilə müqayisədə də bugünkü Rusiya xeyli zəif görünür və bu proses davam etməkdədir. Bir zamanlar ABŞ-n “qulağının dibində” – Kubada, Karib dənizi hövzəsində Birləşmiş Ştatlarla mübarizə aparan SSRİ-nin varisi Rusiya indi Yaxın Şərq bataqlığında çaba göstərməklə yanaşı, yaxın qonşularının ərazisində də nəzarəti itirməkdədir. Bütün bunlar imperialist təfəkkürdən xilas ola bilməyən Rusiya rəhbərliyinin ağressiyasını artırır və hər keçən gün imkanlarının daha da azaldığını görən Vladimir Putini və onu komandasını hadisələri tələsdirməyə sövq edir. Kreml istəklərinə nail olacaqmı? Söyləmək çətindir. Çox güman ki, Rusiya bu dəfə də uduzacaqdır. Amma ona qədər yaxın ətraflar üçün təhlükə olaraq qalacaqdır.

 

Basta