Qazaxıstanda meyitxanalara yeddi hücum olub

Rusiya hərbçilərinin Almataya nəzarət etdiyi günlərin dəhşətləri açıqlanır

 

Qazaxıstanın ən böyük şəhəri olan Almatada etirazlar zamanı 149 mülki şəxs və 11 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Bu rəqəmləri bazar günü keçirdiyi brifinqdə şəhərin polis idarəsinin rəisi Kanat Taymerdenov açıqlayıb.

 

O, etirazlarda iştirak etməyən, lakin təsadüfən odlu silahdan istifadənin qurbanına çevrilən şəhər əhalisi arasında qurbanların sayını açıqlamayıb.

 

Almata Polis İdarəsinin mətbuat xidməti iddia edib ki, ölən 149 nəfərin “əksəriyyəti” terrorçudur.

 

Bir gün əvvəl Qazaxıstanın Baş Prokurorluğu ölkə daxilində “iğtişaşlarda” 225 nəfərin öldüyünü bildirmişdi. Prokurorluqdan bildiriblər ki, bunlar “ilkin xarakter daşıyan” ilk rəsmi rəqəmlərdir.

 

Taymerdenovun sözlərinə görə, “peşəkar təlim keçmiş” qruplar tərəfindən şəhərin meyitxanalarına yeddi hücum təşkil edilib.

 

“Hücumlar peşəkar təlim keçmiş, silah və döyüş üsullarını mükəmməl bilən insanlar tərəfindən həyata keçirilib. Eyni zamanda, onlar ölənləri və yaralıları buraxmayıb, özləri ilə aparıblar. Bu günlərdə morqda 7 hücum olub. Ölənlərin 41 cəsədi naməlum şəxslər tərəfindən oğurlanıb”, – deyə, Taymerdenov bazar günü brifinqdə bildirib.

 

Bu açıqlama ondan xəbər verir ki, Rusiya və KTMT-nin digər ölkələrindən olan hərbçilərin Almataya nəzarət etdiyi günlərdə öldürülən etirazçılar ailə üzvlərinə təhvil verilməyib, bu səbəbdən onlar hücum edərək cənazələri götürmək məcburiyyətində qalıb.

 

Taymerdenov hazırda şəhərin morqlarında cəsədlərin qalıb-qalmadığını açıqlamayıb.

 

Yanvarın 2-də Qazaxıstanda maye qazın qiymətinin artırılması ilə bağlı kütləvi etiraz aksiyaları başlayıb. Etirazlar tədricən bütün ölkəni əhatə edib. Ölkə hakimiyyəti bildirib ki, Almatıya guya xaricdə təlim keçmiş “20 min terrorçu” hücum edib. Bununla bağlı prezident Tokayev KTMT blokuna müraciət edərək hərbi yardım istəyib. Rusiya, Ermənistan vəTacikistan Qazaxıstana hərbi qüvvələr yeridib. Qazaxıstan hakimiyyəti onların etirazların yatırılmasında iştirakını inkar edir.

 

Basta