Ukrayna prezidentinin İ.Əliyevin səfərinin əhəmiyyəti haqqında dedikləri
İlham Əliyevin Ukraynaya səfəri iki dövlət arasında siyasi, iqtisadi müstəvilərdə və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı keyfiyyətcə dolğunlaşdırır. Bu barədə prezident Vladimir Zelenski yanvarın 14-də Kiyevdə Azərbaycanlı həmkarı ilə danışıqlarının nəticələrinə dair brifinqdə bildirib.
“Biz mövcud əməkdaşlığın bütün sahələrini və onu gücləndirmək üçün bütün imkanları ətraflı şəkildə müzakirə etdik.
Görüşün nəticəsi olaraq kənd təsərrüfatı, energetika və ticarət sahəsində əməkdaşlıq haqqında altı ikitərəfli sənəd imzalanıb. Onların həyata keçirilməsi investisiya fəaliyyətini sadələşdirəcək, ərzaq və energetika təhlükəsizliyini gücləndirəcək, ikitərəfli ticarət dövriyyəsi həcmini artıracaq. Bizim bir çox planlarımız var, onlar barədə ətraflı danışdıq”, deyə Ukrayna prezidenti bildirib.
O qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi nəinki azalmayıb, hətta son yeddi ildə ilk dəfə rekord göstəricilərə – təxminən 1 milyard ABŞ dollarına çatıb. Amma, Vladimir Zelenski qeyd edib ki, bu, yuxarı hədd deyil və bu gün dövlətlər qarşılarına yeni iddialı məqsəd – 2024-cü ilə qədər ikitərəfli ticarəti iki dəfə artırmaq məqsədi qoyub.
“Biz həmçinin qarşılıqlı investisiyaların ölçüsünü və birgə genişmiqyaslı layihələrin sayını artırmağa çalışırıq. Bu, xüsusən Azərbaycan şirkətlərinin “Böyük tikinti” proqramında iştirakı, habelə Ukrayna şirkətlərinin cənab prezidentin Ukrayna biznesini dəvət etdiyi infrastruktur layihələrində iştirakını nəzərdə tutur”, deyə Vladimir Zelenski əlavə edib.
Azərbaycan biznesinin Ukraynada böyük özəlləşdirmədə iştirakı ayrıca müzakirə olunub. Ukrayna dövlət başçısının sözlərinə görə, bu, yeni qarşılıqlı səmərəli layihələr üçün perspektivlər yaradır.
Bu kontekstdə Vladimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirmək barədə razılığa gəliblər.
“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasının təşkilidir”, deyə Ukrayna dövlət başçısı bildirib.
Ukrayna prezidenti tranzit potensialının inkişafını və müvafiq infrastrukturun yaradılmasını daha bir aktual məqsəd kimi qeyd edib.
“Beynəlxalq avtomobil və dəmir yolu daşımaları sahəsində, habelə aviasiya sahəsində əməkdaşlığı fəallaşdırmalıyıq. Biz gələcəkdə də bir sıra perspektivlər üzərində birgə işləyəcəyik, onlar arasında GUAM çərçivəsində Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirən nəqliyyat dəhlizinin yaradılması da var”, deyən prezident əlavə edib ki, digər mühüm sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub.
“Əminəm ki, bu gün əldə etdiyimiz razılaşmalar strateji, tarixi, çox düzgün məzmunlu əməkdaşlığımızın yeni mərhələsini başladır”, deyə Vladimir Zelenski qeyd edib.
İlham Əliyev öz növbəsində qeyd edib ki, Ukrayna və Azərbaycan münasibətlərinin bir çox imkanları var. Xüsusən, energetika sahəsində əməkdaşlıq planları, habelə neft emalı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları var.
Bundan başqa, qida sənayesində birgə müəssisələrin yaradılması və birgə innovasiya tədbirləri keçirilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub.
“Biz bütün sahələrdə əməkdaşlığa hazırıq”, deyə İlham Əliyev bildirib.