Rus qırıcısı havaya qalxa bilmədi: İki bölündü
Ötən gün Rusiyanın Novqorod vilayətində MiQ-31 qırıcısı qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib, insident zamanı xəsarət alanın olmadığını bildirib və baş verənləri “qəza” adlandırmayıb.
Qeyd olunub ki, təyyarə sadəcə olaraq havaya qalxarkən uçuş-enmə zolağından kənara çıxıb. Heyət zərər çəkməyib. Lakin sosial şəbəkələrdə yayılan fotoya əsasən qırıcı ikiyə bölünüb, onun kabinə hissəsi əsas korpusdan ayrılıb.
Bu kadra əsasən mütəxəssislər ehtimal ediblər ki, qırıcı havaya qalxmaq üçün sürət yığıb, lakin uçuş-enmə zolağının sonuna çatanda hansısa səbəblərdən havaya qalxa bilməyib və zolaqdan kənara çıxaraq qar yığını ilə toqquşub. Zərbədən təyyarə parçalanıb. Heyət üzvləri təsadüf nəticəsində sağ qalıb.
Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələrinin MiQ-31 qırıcıları “Kinjal” (“Xəncər”) hipersəs sürətli “hava-yer” raketləri ilə təchiz olunub.
Modern.az