Priqojinin tərəfdarları nə düşünür? – “Nyu-York Tayms”

 

Rusiyanın “Vaqner” özəl hərbi birləşməsinin bir çox tərəfdarı qurumun rəhbəri Yevgeni Priqojinin qətlə yetirildiyini düşünür. Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” qəzeti belə yazır.

Avqustun 23-ü Moskvadan Sankt-Peterburqa uçan “Embraer” təyyarəsi axşamüstü Tver vilayətində qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər – “Vaqner”in sponsoru və faktiki rəhbəri Yevgeni Priqojin, komandir Dmitri Utkin, komandirin müavini Valeri Çekalov, “Vaqner”in əməkdaşı Nikolay Matyuseyev, Yevgeni Priqojinin mühafizəçiləri Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin və 3 ekipaj üzvü həlak olub.

“Nyu-York Tayms” bildirir ki, Priqojinin həlak olduğu xəbəri yayılan kimi onun bir sıra tərəfdarı “Telegram” platformasında bunun təsadüf olduğuna inanmadıqlarını açıq ifadə etməyə başlayıb: “Onların çoxu Priqojinin ölümündə konkret kimi günahkar saydığını söyləməsə də, hadisənin arxasında Rusiya hakimiyyətinə bağlı adamların dayanmasından şübhələndiyini vurğulayıb. Priqojin aylardır ölkənin hərbi rəhbərliyini Ukraynadakı döyüş əməliyyatlarına əngəl törətməkdə, səriştəsizlikdə, korrupsiyada, xəyanətdə qınayırdı”.

“Nyu-York Tayms” xəbər verir ki, “Vaqner”ə bağlı “Seraya Zona” teleqram kanalında Priqojinin şəkli yerləşdirilib, o, əsl vətənpərvər adlandırılıb: “Priqojini Rusiyadakı satqınlar öldürüb”.

Muzdlu qruplaşmaya yaxın hesab olunan rusiyalı hərbi bloqçu Roman Saponkov isə öz teleqram kanalında qeyd edib: “Priqojinin qətli fəlakətə gətirəcək. Bu qətlə göstəriş verənlərin ordudakı ovqatdan xəbəri yoxdur”.

“Vaqner”in bu il iyunun 24-də qaldırdığı qiyam dayanana qədər Priqojini fəal şəkildə dəstəkləmiş Aleks Parker təxəllüslü anonim bloqçu maqnatın ölümünü 2015-2016-cı illərdə baş verənlərin təkrarı kimi qiymətləndirib. Həmin dövrdə Moskvanın himayəsi altında Ukraynanın şərqini zəbt etmiş separatçı rejimin bir neçə məsul üzvü öz silahdaşlarının xəyanətinə qurban getmişdi.

Aleks Parker Yevgeni Priqojinin ölümündə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb, bu cür hadisələrin bir qayda olaraq yalnız Putinin sifarişi ilə həyata keçirildiyini vurğulayıb.

Müharibə təbliğatçısı kimi ad çıxarmış bloqçu Boris Rojin isə Yevgeni Priqojinin ölümünü “bütöv bir epoxanın sonu” kimi xarakterizə edib.

Mənbə: Nytimes.com