ABŞ Səfirliyi Tofiq Yaqublunun döyülməsi işini izləyir

Fevralın 11-də Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu və onun vəkili Nemət Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb. ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirlən görüş bir saatadək davam edib.

 

Tofiq Yaqublu Turan-a bildirib ki, görüş çox maraqlı və səmərəli olub.

 

“Səfirliyin ötən il dekabrın 1-də polisin mənə qarşı törətdiyi vəhşiliyini ilk andan diqqətlə izlədiyini bildirən cənab səfir, məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq”, deyə Yaqublu qeyd edib.

 

Xatırladaq ki, Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.

 

Amma polis işgəncələrin ona heç bir aidiyyəti olmadığını bildirib, prokurorluq isə Yaqublunun şikayəti üzrə cinayət işi açmaqdan imtina edib.

 

Səbail rayon prokurorluğu Yaqublunun polis bölməsində “öz-özünə bədən xəsarəti yetirdiyini” müəyyən edib. Amma ictimaiyyətə bunun heç bir dəlili, xüsusən polis bölməsindəki müşahidə kameralarının görüntüləri təqdim edilməyib.

 

Yaqublu prokurorluğun qərarından məhkəməyə şikayət verib. İclas iki dəfə təxirə salınıb və bu dəfə fevralın 22-nə təyin edilib.