Rusiya diplomatları Ukraynadan çıxır

Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirlik və konsulluqların işçilərinin optimallaşdırılmasına qərar verib.

Bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata bildirib. Onun sözlərinə görə, Rusiya Kiyev və digər ölkələrin mümkün təxribatları səbəbindən belə bir addım atıb.

“Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, əslində Rusiyanın Ukraynadakı xarici nümayəndəliklərinin işçilərinin müəyyən qədər optimallaşdırılması barədə qərar qəbul etdik. Diqqətinizə ona da çatdırırıq ki, səfirliklərimiz və konsulluqlarımız öz əsas funksiyalarını yerinə yetirməyə davam edəcəklər”.

Diplomatın sözlərinə görə, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada səfirliklərinin boşaldılması Qərb ölkələrinin Ukraynada hazırlanan hərbi əməliyyatlardan xəbərdar olduğunu göstərir. Zaxarova Vaşinqton və Londonun respublikadaxili proseslərə böyük təsirini qeyd edib.

 

Bundan əvvəl xarici KİV Rusiya diplomatik missiyasının əməkdaşlarının Ukraynanı tərk etməyə başladığı barədə məlumat yayıb.
Yanvarın ortalarında “The New York Times” qəzeti Rusiyanın Kiyevdəki diplomatik missiyasının işçilərini ixtisar etdiyini yazmışdı. Qəzetin məlumatına görə, yanvarın əvvəlində 50-yə yaxın şəxs Ukraynanı tərk edib. Onlar əsasən rus diplomatların uşaqları və arvadları idi.

 

Associated Press xəbər verir ki, ABŞ da Kiyevdəki səfirliyini boşaltmaq niyyətindədir. Vaşinqton belə bir addımı Rusiyanın Ukraynaya mümkün işğalına görə atıb. Diplomatların bir hissəsinin Polşa sərhədinə aparılacağı güman edilir. ABŞ prezidenti Co Bayden müttəfiqlərinə Rusiyanın Ukraynaya hücumunun fevralın 16-da baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xarici KİV-lər xəbər verir ki, Vaşinqton Moskvanın kiberhücumlar və raket zərbələri ilə hücuma keçəcəyinə inanır.

 

Modern az