Arif Hacılı: “Pandemiya ilə bağlı bütün qadağalar ləğv edilməlidir”
Koronavirus pandemiyası ilə əlaqədar tədbiq olunan bütün qadağalar ləğv edilməlidir!
Əvvəla ona görə ki, yeni omikron ştammı əvvvəlki ştammlara nisbətən daha az təhlükəlidir.
İndi covidə yoluxan əhalinin heç 10 % də bir tərəfdən müalicənin baha olması, digər tərəfdən səhiyyə sistemimizə etimadsızlıq ucbatından həkimə müraciət etmir.
Koronavirusa yoluxub sağalan, bununla da təbii immunitet qazananların sayı rəsmi məlumatda olduğu kimi 690 min deyil, bəlkə də 3 milyondan çoxdur.
Pandemiya şərtləri korrupsiya mənbəyinə çevrilib. Məsələn, Bakı şəhərində və regionlarda 300-500 nəfərin də iştirakı ilə toy məclislərinin keçirildiyi halda əksər şadlıq evlərinə 150 nəfər qadağası qoyulub.
Karantin şərtlərinə görə heç bir təzminat, sosial yardım verilməməsinə baxmayaraq, bu qaydaları pozanlara qarşı yüksək məbləğdə cərimələr davam edir.
Vətəndaşların sərbəst toplaşmaq, istirahət, xeyir-şər məclislərini istədikləri kimi keçirmək kimi baza hüquqları pozulur.
Hakimiyyət pandemiya qaydalarından ölkədə siyasi fəaliyyət imkanlarını daha da məhdudlaşdırmaq, hətta azsaylı etiraz aksiyalarına qarşı aşırı güc tədbiq etmək üçün istifadə edir və s..
Bütün bu amillər, həmçinin qadağaların onsuz da çətin durumda olan əhalimizin həyatını daha da ağırlaşdırdığı nəzərə alınaraq qapalı məkanlarda maska taxılması tövsiyyəsi istisna olmaqla pandemiya ilə bağlı bütün qadağalar mart ayının 1-dən gec olmayaraq ləğv edilməlidir!
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.