Rusiyadan Ermənistana göndərilən hərbi yükün təyinatı nə olub?

Bakıya gələn Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənildiyi kimi, iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhəddində hərbi əməliyyatlar zamanı silah təchizatı faktını etiraf etməyib.

Avqustun 25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə S.Şoyqu deyib ki, Rusiya SQ təyyarələrində 400 ton silahın Ermənistana nəqli barədə məlumatlar həqiqətəuyğun deyil. Bu uçuşlar Ermənistana silah və texnika daşımaq üçün yox, Rusiyanın 102-ci bazasında miqyaslı tikinti işlərinin aparılması üçün tikinti materiallarının çatdırılması, həmçinin həmin bazada xidmət keçən hərbi qulluqçuların rotasiyası məqsədilə həyata keçirilib.

Sonra o qeyd edib ki, “bu günə qədər Rusiya Azərbaycana qarşı yönəlmiş heç bir addım atmayıb və bundan sonra da belə addımlar atılmayacaq”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti S.Şoyqudan sitat gətirib.

Əgər Ermənistana pulsuz “İskəndər” raketlərinin hədiyyə edilməsini və 200 və 100 mln. dollar məbləğində iki kredit çərçivəsində silah tədarükünü yada salsaq, S.Şoyqudan bu etirafları eşitmək qəribə səslənir. Bəlkə Şoyqu düşünür ki, bu, Azərbaycanda böyük heyranlığa səbəb olub?

Ermənistanda olmadığı üçün sement və şpaklyovkanın 2 min kilometrlik yola həftələrlə nəqliyyat təyyarələri ilə daşınmasının zəruriliyi haqda əfsanə  axmaqlar üçün nəzərdə tutulub.

Moskvanın Ermənistana Su-30 qırıcılarının yeni partiyasını verməyə hazır olduğuna dair son bəyanatları fonunda bu, xüsusilə gülünc görünür.