“Avqustun 24-dən regionlara getməyə icazə veriləcək”
Avqustun 17-dən kafe, restoran və digər iaşə obyektlərinin yenidən işə başlaması imkanları öyrənilir. Bu barədə ölkə prezidentinin köməkçisi Şahmar Mövsümov şənbə günü brifinqdə bildirib.
“İctimai iaşə obyektlərinin açıq havada fəaliyyəti avqustun 17 – dən bərpa oluna bilər, avqustun 24-dən isə ölkə regionlarına getmək üçün icazə verilib”, – o deyib.
Mövsümov qeyd edib ki, bu məsələlər üzrə qərarların qəbul edilməsi epidemioloji vəziyyətdən asılı olacaq.
Xatırladaq ki, Azərbaycanın 13 şəhər və rayonunda ciddi karantin rejimi avqustun 31-dək davam edəcək.
Son həftələrdə hakimiyyət koronavirusa yoluxma sayının azalması fonunda karantin rejimini yumşaltmağa başlayıb. Yumşaltmanın növbəti mərhələsi avqustun 10-dan tətbiq ediləcək, ticarət və çox sayda istehsalat obyektlərinin fəaliyyətinə icazə veriləcək. Bundan öncə çimərliklərə getməyə icazə verilib.