Azərbaycan ordusu heç bir atəş açmadan Qarabağda dislokasiya yerini “dəqiqləşdirib”
Qarabağdan verilən məlumatlarda deyilir ki, Əsgəranın Xramort (Xocalının Pirlər – red.) kəndinin əhalisi ərazidən çıxarılır.
Bu haqda BBC Ermənistan mənbələrinə istinadən məlumat yayıb.
Buna səbəb, Azərbaycan silahlı qüvvələrinin Əsgəranın Parux (Xocalının Fərrux – red.) kəndinə keçməsidir.
Erməni mərkəzin yaydığı məlumata görə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ordusu ilə danışıqlar aparır.
Fərrux kəndinin başçısı Vardan Mxitaryan News.am saytına müsahibəsində deyib: “Onlar (Azərbaycan hərbçiləri – red.) müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq kəndə girdilər”.
“Biz tez insanları evakuasiya etdik, yollar vardı, onlardan keçdik”, – Vardan Mxitaryan bildirib.
“Biz bildiririk ki, Əsgəranın Xramort icmasından qadınlar və uşaqlar təhlükəsizlik səbəbilə evakuasiya olunur”, – Ermənistan mətbuatında yayılmış məlumatlarda deyilir.
Azərbaycan Müdafiə Nazirliyi bu iddiaların yalan olduğunu və Azərbaycan ordusu tərəfindən heç bir insident tördilmədiyini bəyan edib.
Qeyd olunub ki, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
“Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir”, – nazirliyin yaydığı məlumatda deyilir.
Basta