Hakimiyyətin seçki təbliğatı iflasa uğradı
İranın 14-cü prezident seçkilərində islahatçılar qanadına aid olan Məsud Pezeşkian 43,5 faiz səslə liderdir. Onun ardınca 37,7 faiz səslə konservatorlar qanadından Səid Cəlili gəlir. Bu barədə islam respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib, xəbəri Anadolu Agentliyi yayıb.
Eslami bu nəticələri 19 069 713 səsin sayılmasından sonra açıqlayıb.
Beləliklə, bülletenlər emal edildikdən sonra keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Pezeşkian seçkilərdə 8 302 577 səs qazanaraq, 43,5 faiz səslə liderlik edir.
Onun ardınca gələn Cəlili 7 189 756 səs (37,7 faiz) yığıb. Məhəmməd Bağır Qalibaf 14 faiz səslə (2 676 512 səs) üçüncü yeri, Mustafa Purməhəmmədi isə 0,8 faiz səslə dördüncü yeri tutub.
Seçkilərdə qələbə üçün namizəd səslərin 50+1 faizini qazanmalıdır.
Sonuncu məlumatlara görə, iyulun 5-də səsvermənin ikinci mərhələsi keçiriləcək, bu mərhələdə Pezeşkian və Cəlili iştirak edəcəklər.
İran hökumətinin növbədənkənar prezident seçkiləri ilə bağlı başlatdığı təbliğat kampaniyası nəticəsiz qalıb.
İranda 61 452 321 nəfərin səsvermə hüququ olsa da onlardan yalnız 25 591 344 nəfəri seçkidə iştirak edib.
Həmin iştirakçıların isə 1 056 159 nəfəri qutulara saldıqları büllettenlərə heç bir namizədin adını yazmayıblar.
Bununla yanaşı, seçkidən əvvəl verilən məlumatlarda hökumətin məhbuslar, qocalar, əllilər, xaricdə yaşayanlar və bəzi şəxslərin milli kodlarını aldığı bildirilib.
Hakimiyyətin qeyd olunan qrupa aid 11 milyon nəfərin adından müxtəlif namizədlərin adına büllettenlər yazdığı deyilir.
Bütün bunlara baxmayaraq, rəsmi məlumatlarda seçici aktivliyinin 40% civarında, qeyri-rəsmi məlumatlarda isə 30% civarında olduğu qeyd olunub.
Bu, vətəndaşların seçkilərə cəlb edilməsi ilə bağlı hökumətin başlatdığı kampaniyanın nəticəsiz qalmasına, vətəndaşların hakim sistemə inamlarının daha da azalmasına dəlalət edir.