Belarusda seçkilər: etirazçılarla milis arasında toqquşmalar başlayıb
Dövlət televiziyasının açıqladığı exit poll nəticələrinə görə, Belarusda bazar günü keçirilmiş prezident seçkisində 26 ildir ölkənin rəhbəri olan Aleksandr Lukaşenko səslərin 79,7 faizini alıb. Onun rəqibi, 37 yaşlı Svetlana Tixanovskayanın isə səslərin 6,8 faizini qazandığı iddia edilir.
Media yazır ki, polislərlə etirazçılar arasında qarşıdurma olub.
BBC Rusca Xidməti xəbər verir ki, hazırda Minskdə ayrı-ayrı yerlərdə nəticələrə etiraz edənlər toplaşıb “Get” qışqırırlar. Gecənin qaranlığında etirazçılar əl fanarı yandırıblar. Şəhərin küçələrinə təhlükəsizlik qüvvələri yeridilib.
Müxtəlif media qurumlarından olan bir neçə jurnalist xəbər verib ki, Minsk mərkəzində təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün əl bombalarından istifadə ediblər, BBC Rusca Xidməti yazır.
Lukaşenko-nun əsas rəqibi Svetlana Tixanovskaya jurnalistlərə bildirib ki, seçki kampaniyası Belarus xalqının böyük dəstəyini göstərib. “Mitinqlərə böyük sayda insanlar axışdı, belə şey Belarusda görünməmişdi. Müşahidəçilərin sayı kifayət qədər deyildi, amma biz bacardığımızı etməyə çalışdıq”.
Svetlana Tixanovskaya deyib ki, artıq xalq oyanıb: “Mən şadam ki, onlar siyasi həyatda fəal iştirak etməyə başlayıblar. İnsanlar, nəhayət ki, öz qorxularını yendilər”.
Hər kəsə təşəkkür edən Svetlana Tixanovskaya əlavə edib ki, o, qalib gəldiklərini düşünür: “Biz qorxumuza qalib gəldik, biz siyasətə qarışmamaq mövqeyinə qalib gəldik, laqeydliyimizə qalib gəldik. Bu isə bütün digər qələbələrdən daha vacibdir”.
Seçki necə keçdi?
Bazar günü Belarusda keçirilən prezident seçkisində 26 ildir ki, prezident vəzifəsini tutan Aleksandr Lukaşenkonun əsas rəqibi müşahidəçilərə görə Svetlana Tixanovskayadır.
Belarus Mərkəsi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18-də seçicilərin təxminən 79 faizi səsvermədə iştirak edib. Həm hazırkı prezident, həm də onun əsas rəqibi sayılan Svetlana Tixanovskaya artıq səs veriblər.
Səs verdikdən sonra Aleksandr Lukaşenko jurnalistlər qarşısında çıxış edərək əsas rəqibini və həmçinin müstəqil mətbuatı tənqid edib.Lukaşenko deyib ki, o, Svetlana Tixanovskayanı özünə ciddi rəqib saymır.
“Mən bu insanı əsas rəqib hesab etmirəm, onu siz əsas rəqib sayırsınız. O, səmimi şəkildə etiraf edir ki, hara getdiyini və nə edəcəyini başa düşmür”, – RİA Novosti Lukaşenkonun sözlərini iqtibas edib.
Svetlana Tixanovskaya bildirb ki, o, seçkidə qələbə qazanacağı təqdirdə, yarım il ərzində ölkədə alternativ namizədlərin geniş iştirakı ilə yeni prezident seçkisinin keçirilməsinə çalışacaq.
Svetlana Tixanovskaya Minskin şərqində yerləşən məktəblərdən birindəki seçki məntəqəsində səs verib.
Həmin seçki məntəqəsinin qarşısına toplaşmış yüzlərlə tərəfdarı Txanovskaya səs verdikdən sonra onu alqışlarla qarşılayıblar.
Səsvermə günü Belarusda internetə girişlə bağlı problemlərin yarandığı qeydə alınıb.
Bir gün əvvəl bəzi media vasitələri rəsmilərin ölkə ərazisində internetə girişi və mobil telefon rabitəsini tamamilə qapatmaq niyyətində olduqlarını iddia ediblər.
Belarus rəsmiləri isə dövlət strukturlarının vebsaytlarına “xarici kanallardan” həyata keçirilən görünməmiş DDoS hücumların baş verdiyini bildiriblər.
BBC