Atası Xarkovda olan azərbaycanlı şagird: “Ukraynaya hər bomba atılanda həyəcan keçirirəm”
Atası Ukrayna vətəndaşı olan, 6-cı sinif şagirdi Altunay Aslanlının yazısı:
Dünya bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən danışır.
Bu müharibədə günahsız uşaqlar həlak olur. Çətin yollar qət edərək tanımadıqları ölkələrə getməyə məcbur olurlar.
Belə halları görəndə ailə üzvlərimiz kimi mən də çox həyəcan keçirirəm.
Mənim atam Ukrayna vətəndaşıdır. Mən uşaqlığımda xeyli müddət Xarkov şəhərində valideynlərimlə birgə yaşamışam. O, şəhərdə olan uşaq meydançalarında oynamışam. Yaşıdlarım olan, müxtəlif millətlərin uşaqları ilə tanış olmuşam.
Təhsil yaşım çatanda anam və bacılarımla Bakıya qayıtdıq. Atam isə bizi maddi cəhətdən təmin etmək üçün Xarkovda qalmağa məcbur oldu.
İndi hər gün Ukraynanın hansı şəhərinə Rusiya tərəfindən raket hücumu və ya təyyarələr tərəfindən bombalar atılırsa bizim ailəmizin bütün üzvləri narahat olur.
Heç kimə deməsəm də, ən çox narahat olan mənəm. Atam üçün həyəcan keçirirəm.
Axı Atam məni, mən də Atamı çox sevirəm.
Atam Ukrayna xalqını və dövlətini yüksək qiymətləndirir.
Ukrayna xalqı ilə birlikdə, yaşadığı ölkənin azadlığı və müstəqilliyi uğrunda əlindən gələni edir.
Onunla hər gün danışırıq. Bizə təsəlli verir. Qələbənin Ukrayna xalqının tərəfində olacağını inamla söyləyir.
Bizi inandırır.
Biz də inanırıq.
Müharibənin tez bir zamanda qurtarmasını istəyirəm.
Atamın yanına getmək istəyirəm.
Uşaqların bombalardan ölməsini istəmirəm.
Dünyada Sülh olsun!
Amin!
Qeyd: Altunay Aslanlı Müsavat başqanının müavini Gülağa Aslanlının nəvəsidir.
Basta