“Bu müharibəni dayandırın”
Üç qrup tablo var – rəssam tablosu, fotoqraf tablosu və bir də ruhun yaddaşında qalan tablo. Birinciyə o qədər də marağım yoxdur, ikinci və üçüncü isə öz möhtəşəmliyi ilə daha üstünlük təşkil edir.
Belə foto-tablonun biri – Suriya əhalisi başı üzərində partlayan silahlardan xilas olmaq üçün qayıqlarla Avropa ölkələrinə üz tutanda çəkilib, internetə qoyulmuşdu. Bu – adam çox olduğundan qayığın aşıb suda batdığı zaman boğulan, dalğaların sahil qumlarının üzərinə atdığı körpə bir uşağın fotosu idi. Dalğanın zərbəsindən onun başı üzü üstə qumun içərisinə girmişdi. Suriya qaçqınlarının böyük hissəsini qəbul edən Türkiyə Prezidenti Ərdoğan isə xalq qarşısında çıxış edərkən, barmağı ilə həmin foto-şəkli göstərərək soruşurdu: “O cocuğun hesabını kim verəcək?!”
Müharibə qurbanına çevrilən minlərlə belə cocuqlar öz ömürlərini yaşaya bilsələr, öz xalqının müəllimi, mühəndisi, həkimi, kim bilir bəlkə də prezidenti olardılar. Birinci və İkinci Dünya müharibələrini başlayıb sona çatdıranlara deyəsən indikilər rəhmət oxutdurmaq fikrindədirlər. Yəni doğrudnmı bu qədər istər əsgər, istər mülki vətəndaş və uşaqların məhv edilməsi hələ də hökmranlıq iddiasının təsirini azaltmayıb. Əksinə, xəbərlər bundan ibarətdir ki, ağır texnika göndərilir.
Üçüncü növ tablodan da bir misal çəkəcəm. Uşaqlıq dövründən bu vaxta kimi ruhumda yaşamış həmin tablo Qarabağ – yurdum Cəbrayıl işğaldan xilas olan günlərdən bəri elə bil canlı bir quş kimi qanad açıb. Bu tablo isə ana babamla məndən ibarətdir. Yayın isti günlərində ağacın yaşıl çətiri altında qurulmuş çardağın oturacağında yanaşı oturub, birinin dediklərini o biri dinləyir. Babanın yadına taxıl biçini xatirələri düşüb. Çənəsini hər iki əli ilə tutduğu əsaya söykəyərək, sanki uşağa deyil, öz yaşıdına söyləyir xatirəsini: “Taxıl biçini zamanı idi. Bizi Şuşanın ətəklərində əkilmiş buğdanı yığmaq üçün aparırdılar. Biçinin qızğın vaxtında göyə bir səs qalxırdı. Hər kəs əlini işdən dayandırıb nəfəs çəkmədən qulaq asırdı. Deyirdilər ki, oxuyan Xandır. O da öz Şuşa camaatı ilə zəmi biçir…”
O vaxt deyil, mən çox illər sonra Xanın kim olduğunu bildim. Amma babama o qədər diqqətlə qulaq asmışam ki, onun mənim yaddaşımda çəkdiyi həmin tablo öz təravətini hələ də itirməyib. 1920-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibə dövründə fikrən həmin yerləri gəzdim. İlk olaraq Cəbrayılın işğaldan azad olunmasından başlayıb, Şuşanın düşməndən xilas olduğu günə qədər müddətdə sanki o dağlarda, o səmanın altında Xanın səsi havalanırdı.
Mən sözümü Ukrayna-Rusiya müharibəsi başlayan ilk günlərdə Almaniya liderinin sözləri ilə bitirmək istəyirəm: “Bu mənasız müharibəni dayandırın!”
Havalansın Xanın səsi!
Qarabağın şikəstəsi! – Allah Şəhidlərimizə rəhmət eləsin!
Nəzakət Muradova